ATƏT sədrini Tbilisidə 5 min lari cərimələyiblər

Elina Valtonen Tbilisidə aksiyada

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Tbilisidə yolun qanunsuz bağlanmasına görə cərimələnib. Bu barədə Gürcüstanın hökumətyönlü televiziya kanalları Daxili İşlər Nazirliyinə istinadla xəbər yayıb. Valtonen paytaxtın Rustaveli prospektində etiraz aksiyasına qatıldığına görə 5 min lari (1845 ABŞ dolları) cərimələnib.

E.Valtonen isə X sosial şəbəkəsi vasitəsilə Gürcüstanın baş naziri İrakli Kobaxidzeni "azad media ilə görüşmək, seçdiyi istənilən aksiyada iştirak etmək" üçün Finlandiyaya dəvət edib. O yazıb ki, Gürcüstanın gələcəyinə yalnız gürcülər qərar verməlidir: "Bu, ATƏT-in bütün üzv dövlətlərinə aiddir. İnsanların bu hüququ gerçəkləşdirməsi üçün söz azadlığı və siyasi alternativlərlə azad və ədalətli seçkilər zəruridir…".

15 oktyabr

Kobaxidze ATƏT sədri ilə görüşdən imtina edib

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ATƏT sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə görüşü ləğv edilib. Bu haqda Gürcüstan hökuməti rəsmi bəyanat yayıb.

"Baş nazir Finlandiyanın xarici işlər naziri ilə planlaşdırılmış görüşü onun dünən qanunsuz aksiyada iştirakına və yalan açıqlamalar yaymasına görə ləğv edib", – bəyanatda deyilir.

E.Valtonen regional səfər çərçivəsində oktyabrın 14-də Gürcüstana gəlib. O, xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb, "Gürcü Arzusu" partiyasının siyasi rəqiblərinin və fəalların saxlanmasından təəssüfünü bildirib. Daha sonra Tbilisidə keçirilən mitinqin iştirakçıları, vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüş keçirib.

Valtonen Rustaveli prospektindən video paylaşaraq X sosial şəbəkəsində yazıb: "Tbilisi parlamentinin binası qarşısındakı dinc nümayişçilər ölkələrində aparılan repressiv siyasətə etirazlarını bildirirlər. Onların demokratiya, ifadə azadlığına tam hüquqları çatır, təməl insan haqları var. Biz onları dəstəkləmək üçün buradayıq".

14 oktyabr

'Gürcü Arzusu' mitinqlərin keçirilməsi qaydalarını sərtləşdirir

Hakim "Gürcü Arzusu" partiyası küçə aksiyalarının keçirilməsini məhdudlaşdıran yeni qanunvericilik düzəlişləri hazırlayıb. Mitinqlərin keçirilməsi qaydalarının pozulması cinayət məsuliyyətinə səbəb ola, buna görə 2 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər. Bunlar yeni qanun layihəsində nəzərdə tutulub.

Parlament çoxluğunun lideri İrakli Kirçxaliya layihədə daha hansı cəzaların olduğunu açıqlayıb.

Mitinqdə üzünü gizlətməklə iştirak, gözyaşardıcı və ya toksik maddələrdən istifadə, yolu bağlamaq və ya müvəqqəti qurğular quraşdırmaq 15 günədək, təşkilatçılar üçün 20 günədək inzibati həbs cəzası ilə sonuclana bilər. Mitinqdə silah, pirotexnikanın saxlanması, Daxili İşlər Nazirliyinin mitinqi dayandırmaq tələbinin yerinə yetirilməməsinin 60 günədək həbslə cəzalandırılması nəzərdə tutulub.

Bu cür hərəkətlərin təkrarlanmasına görə isə 1 ilədək, dəfələrlə təkrarlanma halında isə 2 ilədək həbs kəsilə bilər.

Gürcüstanda Avropayönümlü etirazlar 320 gündür davam edir. Etirazçılar yeni parlament seçkilərinin keçirilməsini, həbs olunan aksiya iştirakçılarının azad olunmasını tələb edirlər. Nümayişlər ötən il noyabrın sonunda baş nazir İrakli Kobaxidze avrointeqrasiya prosesinin 2028-ci ilə qədər dayandırdığını bəyan edəndən sonra başlayıb.

"Gürcü Arzusu" daha öncə də mitinqləri tənzimləyən qanunvericiliyi bir neçə dəfə sərtləşdirib: lazer və pirotexnika istifadəsinə məhdudiyyətlər, üzün gizlədilməsinə qadağa qoyulub, yol bağlamağa görə cərimələr, inzibati həbs müddətləri artırılıb.

İ.Kobaxidze oktyabrın 6-da deyib ki, parlamentin qarşısındakı Rustaveli prospektini hər gün bağlayan etirazçılara "hakimiyyət cavab verəcək".

Gürcüstanda 4 oktyabr yerli özünüidarəetmə seçkilərindən sonra da mitinq keçirilib, saxlananlar olub. Bəzi etirazçılar prezident sarayına girməyə çalışıblar.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Gürcü Arzusu'nun qələbəsi: Gürcüstanda əslində nə baş verdi?