Gürcüstanda İŞİD terror qruplaşmasına üzv olmaqda ittiham olunan iki əcnəbi vətəndaş saxlanılıb.
Bu barədə AzadlıqRadiosunun gürcü xidməti məlumat yayıb.
Gürcüstan prokurorluğunun məlumatına görə, iki şəxs miqrantların qanunsuz yolla Gürcüstana gətirilməsi və onlara müvafiq şəraitin yaradılması ittihamıyla saxlanılıb. Onlara qarşı habelə partlayıcı qurğuların və döyüş sursatlarının qanunsuz əldə edilməsi və saxlanması ilə bağlı araşdırmaların aparıldığı bildirilir.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda deyilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin anti-terror mərkəzi həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində iki xarici ölkə vətəndaşını saxlayıb.
Gürcüstan mediası yazır ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi tərəfindən Cinayət Məcəlləsinin 344-cü maddənin birinci bəndi və 236-cı maddələri ilə araşdırma davam edir.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti hadisə ilə bağlı məlumat yayıb:
“Tbilisidə iki yerdə antiterror mərkəzi xüsusi əməliyyat keçirib. Araşdırmalar nəticəsində müxtəlif növ elektron informasiya qurğuları, hərbi təyinatlı silahlar, üz maskaları, elektrikşok aparataları, xarici ölkənin saxta şəxsi sənədləri, partlayıcı maddələr, xüsusi hazırlanmış partlayıcı qurğular və "İslam Dövləti" (İŞİD) simvolizminə malik terror təşkilatı bayraqları götürülüb." - məlumatda qeyd edilir.
Saxlanılan şəxslərin yaxınları hadisə ilə bağlı münasibət bildirməyib.