Tarixçi olan səfir Əli Moucani Gürcüstan və İranın "fərqli" tarixini göstərmək üçün kraliça Ketevandan yazıb. Xristian hökmdar olan Ketevan İslamı qəbul etmədiyi üçün 1624-cü ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə işgəncə verilərək edam olunub.
Sentyabrın 25-də - Ketevan günü ərəfəsində Moucani Facebook-da İran səfirliyinin qarşısında çəkilmiş fotosunu paylaşıb. Həmin vaxt səfirliyin fasadına kraliçanın təsviri proyeksiya olunub.
O bildirib ki, tezliklə İran və Gürcüstan mənbələrinə əsaslanan ilkin araşdırmaların nəticələrini təqdim edəcək. Səfir vurğulayıb ki, bu materiallar rəsmi mövqe deyil, sadəcə bir tarixçi kimi öz şəxsi baxışıdır. Gürcü dilində etdiyi paylaşımda o, bu cür tarixi hadisələrin "yeni" yozumunun iki xalqın bir-birini daha yaxşı tanımasına töhfə verə biləcəyini qeyd edib.
Ancaq səfirin bu sözləri gürcü cəmiyyətində kəskin etiraz doğurub və o, Tbilisidə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Narazılar diplomatın açıqlamasını iki ölkə arasında münasibətlərin onsuz da gərgin olduğu bir vaxtda tarixə yenidən baxmaq cəhdi kimi qiymətləndirirlər.
XİN-dən Tehrana çağırış
"Bu şəxs deyir ki, məsələyə fərqli baxışlar var və onları müzakirə etmək niyyətindədir. "Fərqli baxışlar" dedikdə o, nəyi nəzərdə tutur?", – gürcü tarixçi Beka Kobaxidze müxalifətyönlü "TV Pirveli" kanalında sual edib. Tarixçi daha sonra əlavə edib: "Müqəddəs Ketevanın Şah Abbas tərəfindən işgəncələrlə öldürülməsi təsdiqlənmiş tarixi faktdır. Şəhid Ketevan məhz buna görə müqəddəs elan edilib. Ümumiyyətlə, hansı fərqli baxışlardan danışa bilərik?".
Moucani həmin "fərqli" baxışların nədən ibarət olduğuna aydınlıq gətirməyib.
Gürcüstan xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili sentyabrın 29-da nazirliyə çağırılan səfirin diqqətinə çatdırıb ki, onun sosial şəbəkə paylaşımları diplomatik fəaliyyət çərçivəsindən kənara çıxır və ölkədəki ictimai əhval-ruhiyyəyə mənfi təsir göstərir.
Xvtisiaşvili Gürcüstanın "əlavə tədbirlər" görməsinə ehtiyac qalmaması üçün Tehranı bu cür insidentlərin təkrarlanmamasını təmin etməyə çağırıb. Rəsmi qurumlar hansı tədbirlərin nəzərdə tutulduğunu açıqlamayıb.
Bu ilin əvvəlində - ABŞ və İsrailin fevralın 28-də İrana hücumlara başlamasından sonrakı günlərdə də Moucani Tbilisini qəzəbləndirmişdi. Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığından sonra səfir üstüörtülü təhdidlər səsləndirmişdi. Moucani xəbərdarlıq etmişdi ki, ABŞ və İsrailin hərbi əməliyyatına hər hansı formada yardım edən ölkələr "bunun bədəlini öz sərhədləri daxilində ödəyə bilərlər". İran səfirliyi Moucaninin son açıqlamalarını şərh etməyib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Georgia Summons Iranian Ambassador Over Remarks On Revered Queen Ketevan
Gürcüstanda reaksiyalar
Gürcüstanın həm müxalifət, həm də iqtidar düşərgəsini təmsil edən siyasətçiləri məsələyə münasibət bildiriblər. Hakim "Gürcü arzusu" partiyasının üzvü, parlamentin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Gürcüstanla İranın keçmişdə çətin münasibətləri olduğunu deyib.
Müxalif "Lelo" partiyasından Qriqol Qeqelia isə bildirib ki, bu hadisə "Gürcü arzusu"nun hakimiyyəti dövründə Gürcüstanın suverenliyinin nə qədər zəiflədiyini göstərir.
Gürcüstan Patriarxlığının yüksəkrütbəli din xadimlərindən biri də bu paylaşımı "tarixi yenidən yazmaq cəhdi" adlandırıb.
Ketevan (təxminən 1560-1624-cü illər) Kaxeti kralı I Davidin xanımı və kral I Teymurazın anası olub. O, Gürcüstanın şərqindəki bu krallığın faktiki hökmdarı olub, İranın bölgədəki hökmranlığına müqavimət göstərib.
1614-cü ildə I Şah Abbasın Gürcüstana hərbi yürüşləri zamanı Ketevan girov götürülərək İrana aparılıb. 10 il əsirlikdə qaldıqdan sonra İran hökmdarının İslamı qəbul etmək tələbini rədd edib.
1624-cü ildə o, indiki İranın cənubundakı Fars vilayətinin mərkəzi Şiraz şəhərində işgəncəyə məruz qoyularaq edam edilib. Gürcü və avropalı səyyahlar, eləcə də din xadimləri onun bu ölümünü salnamələrə köçürüblər. Sonradan Gürcü Pravoslav Kilsəsi Ketevanı müqəddəs elan edib.