Tbilisidə biri azərbaycanlı olmaqla 8 nəfərə hökm çıxarılıb

Etiraz iştirakçıları məhkəmədə

Tbilisi şəhər Məhkəməsi avropayönlü etirazların iştirakçılarına hökm çıxarıb.

Onlar "qrup şəklində zorakılıq"da ittiham olunsalar da, sonradan ittihamları qismən dəyişdirilib: Cinayət Məcəlləsinin 226-cı – "İctimai asayişin qrup halında pozulması, yaxud onda iştirak" maddəsi ilə təqsirli biliniblər.

Üç nəfər 2 il 6 ay, 5 nəfər isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Sonuncuların sırasında azərbaycanlı İnsaf Əliyev də var. O, Gürcüstanın Qardabani rayonu Qaracalar kəndindəndir.

Prokurorluq "Lelo" partiyasının üzvləri Vasil Kadzelaşvili Vepxviya Kasradze tələbə Zviad Tsetsxladze ilə birlikdə qrup zorakılığının təşkilatçısı olduğunu deyir. Bu ittiham üzrə 6 ildən 9 ilədək həbs nəzərdə tutulur.

Təqsirləndirilənlər ittihamları qəbul etmirlər.

Məhkəmə prosesində saxlanılan nümayişçilər arasında əlaqə müəyyən edilməyib. Bu isə hərəkətin qrup halında zorakılıq kimi təsnif olunması üçün zəruri şərtdir. Dindirilən polis əməkdaşları da etiraz aksiyaları zamanı onlara konkret kimlərin xəsarət yetirdiyini deyə bilməyiblər.

Etirazlara çıxan rusiyalıya narkotik ittihamı

Etirazlara çıxan rusiyalı Anton Çeçinə isə narkotik saxlama maddəsi ilə 8 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsilib.

Çeçin son sözündə deyib ki, ona bəraət verilənəcən mübarizəni davam etdirəcək.

Çeçin Altay diyarının Barnaul şəhərindəndir. O, müxalifətin etirazlarına və piketlərə çıxıb, ona inzibati iş açılıb. Rusiya 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan sonra həmin ilin aprelində Gürcüstana gedib.

Çeçin Gürcüstanda etirazlarda fəal iştirak edib. Ötən ilin yazında 800 dollar cərimələnib. Noyabrda parlament seçkilərinin nəticələrinə etirazlara qatılıb. Həyat yoldaşı onun bu zaman ilk dəfə polis təhdidi ilə üzləşdiyini deyir.

Dekabrda isə onu narkotik ittihamıyla saxlayıblar. Həyat yoldaşı onun saxlanarkən bir neçə dəfə döyüldüyünü bildirib.

Xatırlatma

Ötən il oktyabrın sonunda Gürcüstanda parlament seçkilərinin qalibi hakim "Gürcü Arzusu" partiyası elan edilib. Noyabrda "Gürcü Arzusu" 2028-ci ilin sonunadək Avropa İttifaqına üzvlük danışıqlarını gündəlikdən çıxarmaq qərarı verib. Buna cavab olaraq ölkədə etiraz aksiyaları başlanıb, güc strukturları etirazları zorakılıqla yatırdıb.