Gürcüstanda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş sədri Qriqol Liluaşvili saxlanılıb. Bu haqda brifinqdə baş prokuror Giorqi Qvarakidze açıqlama verib.
"Ona bir neçə cinayət işi üzrə rüşvət alma ittihamı irəli sürülüb", – Qvarakidze deyib.
İstintaqın versiyasına görə, Liluaşvili 2022-ci ilin oktyabrında ovaxtkı iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze vasitəsilə türkiyəli investor Çağatay Ülkerdən 1 milyon ABŞ dollar məbləğində rüşvət alıb. Rüşvətin külək elektrik stansiyalarının tikintisi üzrə əməkdaşlıq memorandumunun imzalanması üçün lobbiçiliyə görə verildiyi bildirilir.
Həmin ilin fevralında isə Liluaşvilinin yenə Mikautadze vasitəsilə "Express-service 2008" şirkətinin qurucusu Giorqi Xajaliyadan 1 milyon 500 min lari tələb edərək aldığı iddia olunur. Bu, qazlaşdırma üzrə tenderlərdə əməkdaşlığa görə alınıbmış.
DTX-nin keçmiş sədri daha bir neçə hal üzrə böyük məbləğdə rüşvət almaqda ittiham olunur. Onun ittiham olunduğu maddədə 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Prokurorluğun onun barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcəyi gözlənilir.
Liluaşvili özü dindirilmək üçün prokurorluğa gedib.
"Exo Kavkaza" daha öncə onun yaxın ətrafından azı iki nəfərin də saxlanıldığını xəbər verir.
Gürcüstan hakimiyyəti bir neçə səs-küylü antikorrupsiya işinin açıldığını bəyan edib. Keçmiş baş nazir İrakli Qaribaşvili xüsusilə böyük həcmdə gəlirlərin leqallaşdırılmasında ittiham olunur. O, 1 milyon lari qarşılığında zaminə buraxılıb, məhkəməsi fevralda olacaq.