Gürcüstanda 'əsrin pulyuması' işində adı keçən iki azərbaycanlı azadlıqdadır

Cinayət işi rus rublunun Azərbaycandan qanunsuz gətirilərək dollara çevrilməsi ilə bağlıdır.

Gürcüstanda rezonans doğurmuş çirkli pulların yuyulması işi üzrə həbslərdən beş ay ötür. 600 milyon ABŞ dollarından çox vəsaitin qanunsuz leqallaşdırılmasında ittiham olunan Kaxa Kotoraşvilinin işi üzrə məhkəmə başlayır. Tbilisi Şəhər Məhkəməsində növbəti iclas martın 19-na təyin edilib.

Təqsirləndirilənin vəkili Edişer Karçava BM.ge-yə deyib ki, müdafiə tərəfi prosessual razılaşmanın bağlanmasına çalışır, amma ittiham tərəfi ilə hələlik razılıq əldə olunmayıb.

Daha öncə ictimaiyyətə iş üzrə ikinci fiqurantın – Eldar Hüseynovun adı bəlli idi. "Exo Kavkaza" yazır ki, iş üzrə daha bir nəfərin də saxlanıldığı bilinib. Karçavanın sözlərinə görə, onların hər ikisi artıq prokurorluqla prosessual razılaşma əsasında azadlığa buraxılıb.

"Gürcüstanda yaşayan azərbaycanlılardır. Bizim iş üzrə iki nəfərin hər ikisinə şərti cəza verilib, azadlıqdadırlar. Onların işi başa çatdırılıb və buraxılıblar", – vəkil belə deyib.

Karçava iddia edib ki, Kotoraşvili yalnız valyuta konvertasiyası ilə məşğul olub, bütün əməliyyatlar şəffaf aparılıb, "adi dövriyyə" xarakteri daşıyıb.

"İnsanlar adi qaydada gəliblər, pul gətiriblər, bizdə dəyişiblər, heç bir mütəşəkkil qrup olmayıb. Bu, adi valyutadəyişmə əməliyyatı idi", – o deyib.

Prokurorun ilk məhkəmə iclasında səsləndirdiyi versiyaya görə, cinayətkar qrupun üzvləri Azərbaycandan Gürcüstana qanunsuz olaraq 59 milyard Rusiya rublu gətirib, həmin vəsait 624 milyon dollara və 35 milyon avroya konvertasiya edilib.

Prokurorluq iddia edir ki, Kotoraşvili Hüseynovla birgə hərəkət edib, məqsəd vəsaitlərin mənşəyini gizlətmək olub.

Kotoraşvili ötən il sentyabrın 16-da 624 milyon ABŞ dolları və 35 milyon avro məbləğində qanunsuz gəlirlərin leqallaşdırılması ittihamı ilə saxlanıb. Təqsirləndirilən şəxsin lisenziyalı valyutadəyişmə məntəqəsinin olduğu, mənşəyi bəlli olmayan vəsaitlərin toplanması, konvertasiyası və leqal dövriyyəyə daxil edilməsi üçün qanunsuz şəbəkə yaratdığı açıqlanıb.

K.Kotoraşvili susmaq hüququndan istifadə edib. Barəsində həbs-qətimkan tədbiri seçiləndə vəkili deyib ki, istintaq bir ildən çox çəkib, 2024-cü ilin oktyabrından ittiham olunan şəxsə suallar yaransa da, o, gizlənməyə cəhd göstərməyib.

Gürcüstan Milli Bankı Kotoraşvilinin şirkətlərini 2025-ci il dekabrın sonunda 210 min lari (78 min 518 dollar) cərimələyib.

18 sentyabr

665 milyon dolları 'yumaqda' suçlanan Kaxa Kotoraşvili həbs edilib

Tbilisi şəhər Məhkəməsi 49 yaşlı Kaxa Kotoraşvili barəsində 665 milyon ABŞ dollarının yuyulması ittihamı ilə həbs-qətimkan tədbiri seçib.

Sentyabrın 17-də hakim Pikriya Sikturaşvili həbs qərarını elan edib. Prokuror Ziniko Kobaliya K.Kotoraşvilinin həbs olunmasını, vəkil Edişer Karçava isə 50 min lari girov qarşılığında azadlığa buraxılmasını istəmişdi.

Növbəti proses noyabrın 10-na təyin olunub.

Məhkəmədə bəlli olub ki, iş üzrə istintaq təxminən bir ildir aparılır.

Vəkil təqsirləndirilənin istintaqla əməkdaşlığa hazır olduğunu deyib.

AzadlıqRadiosu müxbirinin məhkəmədən verdiyi məlumata görə, prokuror Kobaliya bəyan edib ki, iş Rusiya valyutasının Azərbaycandan qanunsuz gətirilməsi və dollara çevrilməsi ilə bağlıdır. Prokurorun sözlərinə görə, cinayətkar qrupun üzvləri Azərbaycandan qanunsuz yolla gətirilmiş 59 milyard rus rublunu konvertasiya etməklə 624 milyon ABŞ dolları və 35 milyon avro "yuyublar".

Məhkəmədə adı çəkilən Eldar Hüseynovun təqsirləndirilən Kotoraşvili ilə birlikdə fəaliyyət göstərdiyi bildirilir.

K.Kotoraşvili ittihamların mahiyyətini başa düşdüyünü təsdiqləyib. O, susmaq hüququndan istifadə etdiyini bildirib.

İttihamnaməyə görə, Kotoraşvilinin Gürcüstanda valyuta mübadiləsi məntəqəsi olub. O, 2022-ci ildən genişmiqyaslı pul yuyulması sxemini hazırlamağa başlayıb, bir neçə şəriki də olub. Şərikləri qonşu ölkələrdən, sonradan mənşəyi təsdiqlənməmiş kimi göstərilən xarici valyutanı Gürcüstana gətiriblər. Pulun gömrük nəzarətindən gizli şəkildə keçirildiyi, valyuta mübadilə məntəqəsinə çatdırıldığı bildirilir.

Təqsirləndirilən şəxsin müxtəlif vaxtlarda pulları banklara apararaq onları xarici valyuta əməliyyatlarından əldə edilmiş qanuni gəlir kimi göstərdiyi, banklara pulların mənşəyi barədə yalan məlumatlar təqdim etdiyi vurğulanır. Daha sonra vəsaitlər bank hesablarına köçürülüb, üçüncü şəxslərə ötürülüb, daşınmaz əmlak alınıb, - ittihamnamədə yazılıb.