Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçmiş müdafiə naziri Baço Axalayanı saxlayıb. O, keçmiş prezident Mixeil Saakaşvilinin hökumətində vəzifədə olub. "Exo Kavkaza" xəbər verir ki, keçmiş nazirin saxlanılması 4 oktyabr aksiyası ilə əlaqələndirilir. O zaman müxalifət hakimiyyətin "dinc yolla" devrilməsini planlaşdırırdı.
DTX bildirir ki, aksiyanın təşkilatçıları prezident sarayının ələ keçirilməsi planını elan etməzdən öncə dəfələrlə Axalaya ilə internet vasitəsilə əlaqə saxlayıblar.
DTX rəhbərinin birinci müavini Laşa Maqradze brifinqdə Axalayanı 4 oktyabr aksiyasının "əsas təşkilatçısı" adlandırıb. O, Axalayanın ifadə verməkdən imtina etdiyini də bildirib. Maqradzenin sözlərinə görə, Axalayanın həyat yoldaşı Ani Nadareişvili də saxlanılıb, amma indiki mərhələdə azadlığa buraxılıb.
DTX oktyabr hadisələrində keçmiş məmurun iştirakına dair hər hansı audio və ya video dəlil təqdim etməyib.
B.Axalaya Saakaşvili hökumətində Cəzaların İcrası Departamentinin rəhbəri (2005-2009), müdafiə naziri (2009-2012) və Gürcüstanın daxili işlər naziri (iyul-sentyabr 2012) vəzifələrində olub. 2012-ci ilin noyabrında, parlament seçkilərindən və "Gürcü Arzusu" partiyasının hakimiyyətə gəlişindən bir ay sonra saxlanılıb. Axalaya istefada olan polkovnik Serqo Tetradzenin ölümü işi üzrə təqsirli bilinib, təxminən 10 il həbsdə qalıb, 2022-ci ildə azadlığa çıxıb.
2025-ci il oktyabrın 4-də prezident sarayının ələ keçirilməsinə cəhddən sonra hökumətyönlü "İmedi" telekanalı audioyazı yayımlayıb. Kanal həmin yazıda opera müğənnisi və müxalifətçi Paata Burçuladze ilə keçmiş müdafiə naziri Axalayanın danışdığını bildirib. Onların 4 oktyabr mitinqində hadisələrin radikal inkişaf ssenarisini müzakirə etdikləri iddia olunur. Axalaya yazının saxta olduğunu, səsin ona məxsus olmadığını bildirib.