Günaz.TV-nin rəhbəri, İrandan olan mühacir Əhməd Obalı və oğlunun ABŞ-ın Kaliforniya ştatında bir qrup insanın hücumuna məruz qaldığı bildirilir.
Bu barədə mayın 21-də Günaz.tv məlumat yayıb. Hadisənini mayın 17-də olduğu bildirilir.
Buna da bax:
İranda daha üç etirazçı edamı olunubSosial şəbəkələrdə Obalının çoxsaylı xəsarətlər aldığı görünən video və fotosu yayılıb.
Günaz.tv-nin Bakı ofisinin icraçı direktoru Araz Obalı Amerikanın Səsinə bildirib ki, hadisə Əhməd Obalının Azərbaycandan ABŞ-a qayıtmasından bir gün sonra baş verib.
“Əhməd bəy Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalıb. Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, özəlliklə sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb. Qollarını və ayaqlarını hiss etmir. Hal-hazırda durumu orta ağırdır”, o Amerikanın Səsinə bildirib.
Araz Obalı əlavə edib ki, hadisə ilə bağlı araşdırma davam edir.
“Polis hücumu həyata keçirənlərin həbs olunduğunu bildirib. Ancaq polis onların sayı və kimliyi barədə hələ məlumat vermir. Biz güman edirik ki, bu terror aktı ola bilər”, Araz Obalı söyləyib.
Buna da bax:
Tehranda səfirliyin bağlanması: 'Özümüzü yetim kimi hiss edirik'Araz Obalı "Günaz.tv" rəhbərinin oğlu Dənizin də hücuma məruz qaldığını və hazırda xəstəxanada olduğunu deyib.
"Əhməd bəy oğlunun hansı şəraitdə hücuma məruz qalıdğı barədə məlumatsızdır. Bizim başqa mənbələrdən aldığımız məlumata görə Dənizin vəziyyəti çox ağırdır. O anası ilə danışmaq imkanında belə olmayıb”-Araz Obalı qeyd edib.
Əhməd Obalı İrandakı mövcud idarəçiliyin tənqidçilərindədir. O Azərbaycana son səfəri zamanı yerli mediada İranda insan hüquqlarının, o cümlədən orada yaşayan azərbaycanlıların hüquqlarının pozulmasından danışıb.
Günaz.TV 2004-cü ildə İrandan olan siyasi mühacir Əhməd Obalı tərəfindən təsis edilib. Telekanal ABŞ-ın Çikaqo şəhərindən yayımlanır.