Federasiya: "İmzalanan müqaviləyə əsasən,…"
Azərbaycan Cüdo Federasiyası (ACF) Göygöl Olimpiya-İdman Kompleksində 15 cüdoçunun xəstəxanaya müraciət etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Federasiyasının (ACF) Mətbuat Xidmətindən verilən məlumatına görə, hazırda idmançıların səhhəti yaxşıdır və sağlamlıqlarına heç bir təhlükə yoxdur. "Yeniyetmə cüdoçular cari qrafik üzrə məşqlərini davam etdirilər. Eyni zamanda qeyd etməliyik ki, Göygöl Olimpiya İdman Kompleksi ilə aramızda imzalanan müqaviləyə əsasən, idmançıların qidalanmasının qida təhlükəsizliyinə uyğun şəkildə həyata keçirilməsini qarşı tərəf təşkil edir", - məlumatda yazılıb.
+++
Göygöl Olimpiya-İdman Kompleksindən "Turan"a bildirilib ki, ciddi bir hadisə baş verməyib: "Ciddi heç nə olmayıb. Həmin uşaqlar bir saat sonra qayıdıb yenidən məşq ediblər. Əgər nəsə olsaydı, kütləvi zəhərlənmə baş verərdi. Orada 80 nəfər təlim-məşq toplantılarında iştirak edir. Ola bilsin, uşaqlar qaçıb, tərləyib, sonra soyuq su içib".
+++
Aprelin 25-i saat 12 radələrində Göygöl rayon Mərkəzi Xəstəxanasından 15 nəfər şəxsin dəqiqləşdirilməmiş "qida zəhərlənməsi" diaqnozu ilə müraciət etməsi barədə bu rayonun prokurorluğuna məlumat daxil olub.
Məlumata görə, cüdo üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Olimpiya Kompleksində təlim-məşq keçən 15 gənc idmançı göstərilən tarixdə ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya müraciət ediblər: "Həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Zəhərlənmənin hansı səbəbdən baş verməsini müəyyən etmək məqsədilə müvafiq nümunələr götürülərək laborator müayinəsinə göndərilib".
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.