Google Rusiya ilə münasibətlərinə aydınlıq gətirir

Google-un daxil olduğu Alphabet qrupunun baş direktoru Eric Schmidt

Google bildirib ki, internet saytlarının prioritet dərəcələnməsindəki qaydalara dəyişiklik etməyəcək. Bundan əvvəl Moskva Google tərəfindən Rusiya medialarına qarşı qərəzli mövqe tutula biləcəyindən şikayət etmişdi.

Bu ayın əvvəllərində Rusiyanın kommunikasiyalara nəzarət edən qurumu ABŞ-ın internet nəhənginə Rusiyanın Sputnik və RT şəbəkələrinin materiallarının axtarış dərəcəsini azaltmaq barədə niyyətinin olub-olmadığı barədə sorğu vermişdi.

Roskomnadzor-un bu müraciətindən əvvəl noyabrın əvvəllərində keçirilmiş bir mətbuat konfransında Google şirkətinin daxil olduğu Alphabet qrupunun prezidenti Eric Schmidt-ə Sputnik saytının məqalələri barədə sual verilmişdi. O demişdi ki, Google bu cür saytlarının axtarış siyahısından silinməsi yox, amma “əhəmiyyət dərəcəsinin” azaldılmasına yol verə bilər.

Bu bəyanatın ardınca Roskomnadzor ötən həftə elan etmişdi ki, Rusiya medialarına qarşı diskriminasiyaya yol verilərsə, qurum Google şirkətinə qarşı cavab tədbirlərinə əl atacaq.

Noyabrın 27-də Google-un Roskomnadzorun səhifəsində dərc olunmuş məktubunda deyilir ki, cənab Eric Schmidt RT və Sputnik-dən danışarkən ümumiyyətlə axtarış xidmətinin yaxşılaşdırılmasını nəzərdə tutub.

Məktubda konkret olaraq deyilir: “Google internet saytlarının dərəcələnməsi alqoritminə heç bir dəyişiklik etməyəcək”.

ABŞ kəşfiyyatı bu iki medianı dezinformasiya yaymaqda ittiham edir.