Gömrük işçiləri həbs edilib

Dövlət Gömrük Komitəsi

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsində (DGK) əməliyyat keçirir. Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı təsdiq ediblər.

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları saxlanıb. Bu barədə yanvarın 26-da Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsi ilə birgə əməliyyat-axtarış tədbirləri keçirib.

Bildirilir ki, DGK-nin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsinin əməkdaşı Şahin İskəndərovun ölkəyə gətirilmiş avtomobillərə görə ödəniləcək rüsum və digər xərclərin azaldılması əvəzində rüşvət almasına əsaslı şübhələr yaranıb:

“Habelə Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun əməkdaşı Cavid Məmmədovun postda yoxlama tədbirlərinin səthi və sürətli aparılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib”.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri başlanıb:

“Şahin İskəndərovla Cavid Məmmədova Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

Hələlik, rəsmi açıqlamaya həbs edilən şəxslər və onların yaxınlarından münasibət almaq mümkün olmayıb.

Buna da bax: Balıqçılarla polis arasında narazılıq yaranıb

Gömrükdə təyinatlar olmuşdu…

Ötən ilin sonu, dekabrın 27-də DGK-da iki sədr müavini vəzifədən kənarlaşdırılmışdı. Bununla bağlı Prezident İlham Əliyev sərəncamlar imzalamışdı. Söhbət Əsgər Abdullayev İqbal Babayevdən gedir. Prezidentin digər sərəncamı ilə isə Natiq Şirinov bu qurumda sədr müavini vəzifəsinə təyin edilib.

İyulun 15-də İ.Əliyev Səfər Mehdiyevin DGK sədri vəzifəsindən azad edilməsi haqda da sərəncam imzalamışdı. Hazırda bu qurumda sədr vəzifəsini birinci müavin Şahin Bağırov icra edir.

DGK-nın saytında bu qurumda birinci müavinlər daxil, ümumilikdə altı müavin postu olduğu bildirilir.

Əvvəlki həbs…

Hazırda DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi olmuş Məsum Rəsulov həbsdədir. Onun Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edildiyi bildirilir. Amma Rəsulovun özünün və ya vəkillərinin ittihamlara münasibəti bəlli deyil.

Buna da bax: Ölkəyə fişənglər necə gətirilir. 'Ən yüksək qazancım Şuşa alınan il oldu'