Qırğızıstan Talibanın hücumlarından Tacikistana sığınan Əfqanıstan qırğızlarının ölkəyə gətirilməsi ilə bağlı iş aparır.
Bununla bağlı Tacikistan hökuməti və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə danışıqlar aparılır.
Rəsmi Qırğızıstan Talibanın hücumlarından qaçan Əfqanıstan qırğızlarını qəbul etməyə hazır olduğunu bildirir.
Qırğızıstan hökuməti məsələ ilə bağlı iyulun 17-də toplantı keçirib.
Müvafiq dövlət qurumlarına mümkün evakuasiya, köçürülmə sahəsinin hazırlanması, lazımi infrastrukturun yaradılması, etnik qırğızlara tibbi, sosial və hüquqi yardım göstərilməsi üçün bir sıra göstərişlər verilib.
Son bir neçə gündə təxminən 350 etnik qırğız Əfqanıstandan Tacikistana qaçıb. Tacikistan tərəfinin verdiyi məlumata görə, yolda iki körpə vəfat edib.
Son günlər Taliban hökumət qüvvələrinin nəzarətində olan onlarla bölgəni nəzarət altına aldığını bəyan edib.
Bu, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq qüvvələrin Əfqanıstandan qoşunlarını çıxardığı bir vaxtda baş verir.