“Gəncə işi” ilə bağlı ailələr prezidentə müraciət ediblər

Oktay Gülaliyev

Oktay Gülaliyev

Hüquq müdafiəçisi Oktay Gülalıyev 2018-ci ildə baş verən Gəncə olayları ilə bağlı mühakimə edilənlərin ailələrinin prezidentə ünvanlanan müraciətini ictimailəşdirib.

Müəlliflər həbs olunan yaxınlarının polisdə dəhşətli işgəncələrə məruz qaldığını vurğulayıblar.

Müraciət habelə, birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Zakir Qaralova, Ədliyyə naziri Fikrət Məmmədov və başqalarına da ünvanlanıb. “Təsəvvür edə bilərsinizmi, atanı istilik radiatoruna bağlayır, amansız şəkildə döyürlər. Eyni zamanda, oğlun soyunduraraq əlin-qolun bağlayıb vəhşicəsinə döyürlər, bədəninə elektrik cərəyanı verirlər. Dabanlarını yandırır, barmaqlarını dəmirlər arasında sxırlar.Təkcə ona görə ki, yalan ifadələri imzalamaqdan imtina edirlər”, müraciətdə belə qeyd edilib.

Yazılanlara görə, saxlananları öncə Gəncə Şəhər Polis İdarəsinin Nizami Rayon Polis Şöbəsinə gətiriblər, orada onlar qeyri-insani fərtara və ləyaqətin alçaldılmasına məruz qalıblar: “Onlara deyiblər ki, rəislərinin ölümünə görə onları “asfalt”a döndərəcəklər və yerə uzadaraq təpikləməyə başlayıblar”, müraciətdə belə vurğulanıb.

Habelə bildirildiyinə görə, döyülmə və işgəncələr Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində də davam edib.

Müraciətdə həmçinin bildirilib ki, hətta aradan 9 ay keçdikdən sonra belə, bəzi şəxslərin üzərində zorakılıqların əlamətləri qalmaqdadır. Valideynlərin bildirməsinə görə, kiminin qulaq prədəsi partladılıb, kiminin baş barmağı hərəkət etmir, kiminin də bədənində söndürülümüş siqaret izləri var.

Onlar işgəncə şikayətlərinin məhkəmələrdə araşdırılmasını, işgəncə tətəbiq etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını istəyirlər.

Hələlik, bu müraciətə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Bir müddət öncə həmin ailələr Gəncə və Bakı şəhərində də aksiya keçirərək övladlarının polisdə işgəncəyə məruz qaldığını iddia etmişdilər.Ancaq rəsmi qurumlar həmin iddialara hər hansı münasibət bildirmədilər.Bununla belə, rəsmilər polis və cazaçəkmə müəssisələrində işgncə baş verməsi ilə bağlı şikayətləri əsasən düzgün saymırlar. Belə məlumatları əksər hallarda həqiqətdən uzaq iddialar adlandırırlar.

Xatırlatma

Baş Prokurorluq Gəncə olayları ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə getdiyini açıqlayıb. Onlardan yalnız 2 qrupun məhkəməsi başa çatıb. Mühakimə olunanlara 5 ildən 9 ilə qədər həbs verilib. Təqsirləndirilənlər əsasən zorakılıqların, talanların, yanğınların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiqi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimətlə müşayiət olunan kütləvi iğtişaşlar maddəsi ilə ittiham ediliblər. Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb.Onun məhkəməsi başlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Bu hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüb. Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.