Mülki şəxs minaya düşüb

Minanın zərərsizləşdirilməsi, arxiv foto

Noyabrın 29-da Cəbrayıl rayonunun işğaldan azad edilən Mehdili kəndi ərazisində 1980-ci il təvəllüdlü Natiq Mamedovun təmir-tikinti işləri apararkən minaya düşdüyü bildirilir.

Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, N.Mamedovun minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

Daxili Qoşunların iki hərbçisi minaya düşüb

Noyabrın 28-də Daxili Qoşunların iki hərbi qulluqçusu işğaldan azad olunmuş Füzuli rayonu ərazisində minaya düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinə istinadən APA məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidovun verdiyi məlumata görə, hadisə rayonun Şukürbəyli kəndində qeydə alınıb.
Məlumata görə, N sayılı hərbi hissəsinin müddətdən artıq xidmətdə olan iki hərbi qulluqçusu iş başında olarkən piyada əleyhinə minaya düşüb.

Hər iki hərbi qulluqçu xəstəxanaya yerləşdirilib.

İndiyə qədər münaya düşənlər

Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, ötən il üçtərəfli bəyanatın imzalanmasından bəri 30 civarında vətəndaş işğaldan azad edilən ərazilərdə minaya düşmə səbəbindən həlak olub, 100-dən çoxu yaralanıb.

Onlar Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməkdə günahlandırırlar. Hərçənd, bir neçə ay öncə Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi bəzi rayonlara aid mina xəritələrinin geri alındığı açıqlanmışdı.

Amma sonradan Azərbaycan prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etmişdi.

Həmin narazılığa isə Ermənistanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.

Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.