Füzulidə mülki şəxs minaya düşüb

Sizin brauzer HTML5-i dəstəkləmir

Mina xəritələri qeyri-dəqiqdir? 'Təbiət hadisəsi də ola bilər'

Bu gün, martın 23-də Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində mülki şəxs minaya düşüb.

Bu barədə "Turan"a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, hadisə nəticəsində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı ağır bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından bəri 30 civarında ölkə vətəndaşı işğaldan azad edilən ərazilərdə minaya düşmə səbəbindən həlak olub, 150-dən çoxu isə yaralanıb. Onlar Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməkdə günahlandırırdılar. Amma bu arada Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi işğal altında olmuş rayonlara aid mina xəritələrinin geri alındığı açıqlanmışdı. Sonradan isə Azərbaycan prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etdi. Həmin narazılığa Ermənistanın rəsmi qurumlarından, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Bundan əvvəl, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Bu münaqişə SSRİ dönəmindən başlayıb.