Füzulidə mövqelər atəşə tutulub - MN

Əsgər

Azərbaycan Müdafiə Nazirliyi ( AMN) bildirir ki, Füzuli istiqamətində mövqeləri atəşə tutulub.

Nazirlik bununla bağlı məlumatı fevralın 23-ü günorta saatlarında yayıb: "Azərbaycan ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli kəndi istiqamətində yerləşən mövqeləri fevralın 23-ü saat 10:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub".

Açıqlamaya görə, Azərbaycan ordusunun bölmələri cavab tədbirləri görüb.

Bu məlumata, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Atəşkəs razılaşmasına baxmayaraq, istər iki ölkə sərhədindən, istərsə də Dağlıq Qarabağdan bəzən belə məlumatlar gəlir. Tərəflər, bir qayda olaraq, atəşkəsin pozulmasına görə məsuliyyəti bir-birlərinin üzərilərinə atırlar.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Füzuli rayonu daxil) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.