Azərbaycan futbolunda VAR olacaq, amma bir az gec

Hakim mühüm bir məqamı qaçırsa, o, VAR otağından çağırıla da bilər.

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısından VAR (video köməkçi hakim) sisteminin tətbiq olunacağı gözlənir.

Bu gün, avqustun 19-da Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Komitə üzvləri bir sıra məsələləri müzakirə edib. Yekunda həmin və daha başqa qərarlar qəbul olunub: "1. Azərbaycan Premyer Liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiqi ilə bağlı tender sənədlərinə uyğun olaraq müvafiq hüquqi prosedurların icrasına başlanılsın və 2021/2022-ci il mövsümünün qış fasiləsindən sonra VAR sisteminin tətbiqi nəzərdə tutulsun".

Növbəti qərara görə də, bu il sentyabrın 1-dən Azərbaycan Premyer Liqası hakimləri ilə bağlı "Peşəkar hakim" sistemi tətbiq olunmalıdır (Peşəkar hakim sistemi ilə əlaqədar ictimaiyyətə əlavə məlumat verilməlidir).

Daha bir qərarla Premyer Liqa klublarının müraciətinə uyğun olaraq, COVID-19 pandemiyasının yaratdığı çətinliklər nəzərə alınaraq AFFA 2021/2022-ci il mövsümündə də, ötən mövsümdə olduğu kimi, klublara maliyyə yardımı etməlidir.

Xatırlatma

Futbolda VAR (video köməkçi hakim) sistemi artıq bir neçə ildir bir çox aparıcı ölkələrin (o cümlədən, Türkiyə Super Liqasında) çempionatlarında tətbiq edilir.

Bir çox həlledici məqamlarda (penalti, qırmızı kart və oyundankənar hallarında) bu sistemin imkanlarından əsas hakimlər yararlanır. Onlar mübahisəli anlarda oyunu dayandırıb həmin anların videosuna baxır və bir neçə dəqiqə ərazində yekun qərarlarını verirlər. Hakim mühüm bir məqamı qaçırsa, o, VAR otağından çağırıla da bilər.