Milli komandaların FIFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) reytinqi açıqlanıb.
Hesabat dövründə keçirilən Dünya Çempionatı-2022-nin seçmə oyunları və yoldaşlıq görüşləri cədvəldə bir sıra dəyişikliklərə səbəb olub.
Son bir ayda iki qarşılaşmada da uduzan Azərbaycan yığması geriləyib. (İrlandiyaya 0:3, Serbiyaya isə 3:1 hesabı ilə məğlub olub)
1146 xala malik Azərbaycan dünya reytinqində 119-cu yerə düşüb. O, ötən ayla müqayisədə iki pillə geriləyib.
Azərbaycanın qonşuları Ermənistan 89-cu, Gürcüstan isə 93-cü yerdə qərarlaşıb.
Azərbaycanda azarkeşləri olan Türkiyə yığması isə 1460 xalla 39-cudur. "Ay-ulduzlular" iki addım irəliləyib.
Cədvəldə Belçika (1832) və Braziliya (1820) ilk iki pillədəki mövqeyini qoruyub. Fransa (1779) isə ötən ay İngiltərəyə təhvil verdiyi 3-cü pilləni geri alıb.
Siyahıda sonuncu - 210-cu yerdə San-Marino qərarlaşıb.
Azərbaycanın FIFA reytinqində ən yüksək göstəricisi 2014-cü ilin iyununda qeydə alınıb. Onda ilk dəfə Azərbaycan milli futbol komandası reytinqdə 73-cü pilləyə yüksəlmişdi.