Fuad Qəhrəmanlı: 'Polis iclası dağıtdı'

AXCP

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) bildiriblər ki, dünən mayın 20-də Masallı rayonunda iclas zamanı və ondan öncə bütün saxlanan fəallar elə həmin gün sərbəst buraxılıblar.

AXCP-dən verilən açıqlamaya Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan, hələlik, münasibət almaq mümkün olmayıb.

+++

«Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Masallı rayonunda toplantısına müdaxilə oldu».

Bunu AzadlıqRadiosuna AXCP-nın sədr müavini Fuad Qəhrəmanlı bildirib. Onun sözlərinə görə, cənub regionunun partiya şöbələrinin iclasını polis dağıdıb: «Masallı Rayon İcra Hakimiyyətinə müraciət ünvanladığımıza baxmayaraq, iclasımız üçün yer verilmədi. Ona görə biz Xətai bağında yerləşən çayxanada toplaşmaq qərarına gəldik. Lakin toplantımız baş tutmadı».

F.Qəhrəmanlı bildirib ki, toplantıya ətraf rayonlardan gələn partiya üzvləri saxlanaraq yerli polis şöbələrinə aparılıb: «Məni isə Masallı Rayon Polis Şöbəsinə apardılar və bildirdilər ki, heç bir halda toplantınıza imkan verilməyəcək. Oradan çıxanda xəbər tutdum ki, bağda qalan dostlarımıza qarşı təxribat törədilib. Öyrədilmiş şəxs çayxanada qarşıdurma yaratmağı çalışıb».

F.Qəhrəmanlı əlavə edib ki, bütün bunları nəzərə alaraq, onlar Bakıya qayıtmaq məcburiyyətində qalıblar.

Bütün bu deyilənlərə, hələlik, Masallı Rayon Polis Şöbəsi, yerli icra hakimiyyəti və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

AXCP-nin nə paytaxt Bakıda, nə də əyalətlərdə qərargahları var. Partiya bunu hakimiyyət orqanlarının təzyiqləri ilə izah edir.

Rəsmilər isə belə fikirləri qəbul etmir, bir qayda olaraq, ölkədə bütün fundamental azadlıqların qorunduğunu bildirirlər.