Bakı Fransız Liseyi bağlanır

Bakı Fransız Liseyi

Özəl təhsil müəssisəsi olan Bakı Fransız Liseyi təsisçinin qərarı ilə fəaliyyətini dayandırır. Təsisçilərin kim olduğu açıqlanmır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Turan"a bildirilib ki, ancaq cari tədris ilinin sonuna qədər liseydə dərslər davam etdiriləcək. "Valideynlərin müraciəti olduğu halda, liseydə təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər", - qurumdan vurğulanıb.

Bakı Fransız Liseyində hazırda 200 şagirdin təhsil aldığı bildirilir.

10 il əvvəl

Bakı Fransız Liseyi Azərbaycanda yaşayan fransızdilli xarici vətəndaşların və ölkə vətəndaşlarının fransız dilində təhsil alması məqsədilə yaradılıb.

2011-ci ilin martında Heydər Əliyev Fondu, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və Təhsil Nazirliyi arasında Bakıda fransız liseyinin tikintisi ilə əlaqədar niyyət bəyannaməsi imzalandığı açıqlanıb. Oktyabrda isə Azərbaycan və Fransa prezidentlərinin iştirakı ilə liseyin təməlqoyma mərasimi keçirilib.

2014-cü il sentyabrın 12-də prezident İlham Əliyev Bakı Fransız Liseyinin açılışında iştirak edib.

Buna da bax: Fransa Azərbaycandakı səfirini geri çağırıb

Son illər və son aylar...

Fransa və Azərbaycan arasında münasibətlər son illərdə gərginləşib. Ötən ilin sonunda tərəflər bir-birinin diplomatlarını "arzuolunmaz şəxs" elan ediblər. Rəsmi Bakı Azərbaycan-Ermənistan sülh prosesində Fransanın hər hansı iştirakına qarşı çıxır. Bakı Parisi Ermənistana tərəfkeşlikdə ittiham edir.

Amma bu ölkənin Xarici İşlər Nazirliyi bugünlərdə bəyan edib ki, Fransa beynəlxalq hüquqa, habelə hər iki ölkənin ərazi bütövlüyünə hörmət şərti ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstəyini bir daha təsdiqləyir.

Bir neçə gün öncə rəsmi Paris Fransanın Azərbaycandakı səfirini məsləhətləşmələr məqsədilə geri çağırdığını açıqlayıb.

1990-cı illərin əvvəllərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.