Avropada ilk: Fransa parlamenti uşaqlar üçün sosial şəbəkələri qadağan etdi

Sosial şəbəkələr

Fransa parlamenti 15 yaşından kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulmasını təsdiqləyib. Bununla da Fransa Avropa İttifaqında (Aİ) belə bir məhdudiyyəti qanunvericilik səviyyəsində tətbiq edən ilk dövlət olacaq.

AFP agentliyinin məlumatına görə, qanun layihəsinin lehinə Milli Assambleyanın 279 deputatı səs verib, 81 nəfər isə bunun əleyhinə çıxıb. Sənəd daha əvvəl Senat tərəfindən də bəyənilib.

Bu addımı fəal şəkildə dəstəkləyən prezident Emmanuel Makron sosial şəbəkə hesabında yazıb ki, Fransa uşaqların və yeniyetmələrin qorunması məsələsində Avropada aparıcı qüvvədir. O, parlamentə təşəkkür edərək bildirib ki, qərar hələ Konstitusiya Şurasında da təsdiq olunmalıdır. Makron daha əvvəl vurğulamışdı ki, bu qadağanın artıq sentyabrdan qüvvəyə minəcəyinə ümid edir.

Yeni qaydalara əsasən, sentyabrın 1-dən sosial şəbəkələrdə 15 yaşından kiçik şəxslər üçün yeni hesabların açılması qadağan edilməlidir. 2027-ci il yanvarın 1-nə qədər isə fransalı yeniyetmələrin mövcud hesabları tamamilə bağlanmalıdır.

Buna baxmayaraq, qadağanın pozulmasına görə uşaqlar və ya onların valideynləri üçün sənəddə hər hansı cəza tədbiri nəzərdə tutulmayıb.

Ötən ilin sonunda Avstraliya 16 yaşından kiçik uşaqlar üçün sosial medianı qadağan edən ilk ölkə olub.