Oktyabrın ortalarında Fransanın müxtəlif regionlarındakı supermarketlərdə soyuducuları sıradan çıxarmış haker hücumunun arxasında İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dayana bilər. Bunu noyabrın 9-da Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib. O əlavə edib ki, günahkarlar tapılacaq və "Avropa səviyyəsində" məsuliyyətə cəlb olunacaqlar.
Barro Fransa Xarici İşlər Nazirliyinin İranın Parisdəki səfirini çağırdığını da bildirib.
Fransa Baş Prokurorluğu isə həmin gün insidentlə bağlı araşdırma apardığını açıqlayıb. Qurum şübhəlilər arasında SEPAH-la əlaqəli "Şahed Kaveh" haker qruplaşmasının adını çəkib.
Kiberhücum oktyabrın 12-nə keçən gecə baş verib, nəticədə Fransada yüzlərlə supermarketin soyuducusu sıradan çıxıb. Hakerlər soyuducu və dondurucu kameraların temperaturunu uzaqdan dəyişə biliblər və temperatur bir neçə saat ərzində 50 dərəcəyə qalxıb. Mağazalar xarab olmuş ərzaq məhsullarını atmalı olublar. Zərərin məbləği bir neçə milyon avroya çata bilər.
Noyabrın 2-nə keçən gecə Avropanın daha yeddi ölkəsində supermarketlərin soyuducuları oxşar hücuma məruz qalıb.
Hakerlər Fransada donor qan plazmasının saxlanıldığı üç anbarın soyuducu sistemlərinə də müdaxilə ediblər. Onlar soyuducu avadanlıqların temperatur parametrlərini mənfi 30 dərəcədən müsbət 110 dərəcəyə dəyişiblər. Ancaq qan preparatlarının xarab olmasının qarşısını almaq mümkün olub.