Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyaya qarşı sanksiya siyahısının müddətini bircə həftə – 22 sentyabr iclasınadək uzatmağa razılaşıblar. Bu barədə AzadlıqRadiosunun jurnalisti Rikard Yozvyak xəbər verir.
Adətən bu sanksiya proqramının müddəti altı aydan bir uzadılır. "Deutsche Welle"nin mənbələrinə görə, gecikmə Slovakiya və Fransanın rusiyalı iş adamları Alişer Usmanov və Mixail Fridmanın sanksiya siyahılarından çıxarılmasını istəməsi ilə bağlıdır.
Fransalı diplomatlardan biri "EUobserver" nəşrinə deyib ki, Parisin Usmanova qarşı sanksiyaları ləğv etmək istəyi milli təhlükəsizlik məsələsi ilə əlaqədardır. Diplomat vurğulayıb ki, Yelisey sarayı beynəlxalq tərəfdaşların Usmanovla bağlı müraciətlərinə müsbət cavab vermək niyyətindədir.
Parisin Azərbaycanda saxlanan fransızlarla bağlı xahişi
"The Financial Times" yazır ki, Parisin Usmanovu müdafiə etməsi Azərbaycanda həbsdə olan Fransa vətəndaşlarının azad olunmasını nəzərdə tutan sövdələşmə ilə bağlıdır.
Qəzetin yazdığına görə, Fransanın bu xahişi Aİ-dəki digər diplomatlar arasında təəccüb doğurub. Diplomatlardan biri bu xahişi "heyrətamiz" adlandırıb.
"The Financial Times"ın iki mənbəsi bildirib ki, Lüksemburq Aİ sanksiyalarının ləğv edilməsini dəstəkləməyib. Bununla belə, krallıq bəyan edib ki, Usmanov sanksiya siyahısından çıxarılacağı halda, Fridmanın da çıxarılması vacibdir.
Hələlik nə Fransa, nə də Azərbaycan və Özbəkistan xarici işlər nazirlikləri yayılan bu xəbərlərə rəsmi şərh verməyib.
Fərdi sanksiyaların müddəti sentyabrın 15-də bitir. Onların uzadılması üçün bütün üzv ölkələrin yekdil razılığı tələb olunur.
Xatırlatma
İki ildən çoxdur Azərbaycanda həbsdə olan Fransa vətəndaşı Martin Rayan bu ilin martında casusluq ittihamı ilə 10 il azadlıqdan məhrum edilib. O, ittihamı qəbul etmir.
Ötən ilin sentyabrında isə digər bir Fransa vətəndaşı - Teo Klerk metroda qrafiti çəkdiyinə görə 3 il həbs cəzasına məhkum edilib. Eyni əmələ görə onunla birgə mühakimə olunan digər iki əcnəbi isə yalnız cərimə edilib. O zaman Azərbaycandakı Fransa səfirliyi Klerkin "açıq-aşkar ayrıseçkilik xarakterli özbaşına rəftarın qurbanı" olmasını pisləyib.
Azərbaycan prezidenti İlham Əliyev isə ötən ilin oktyabrında Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlərin artıq keçmişdə qaldığını deyirdi. O elə həmin ay Kopenhagendə fransalı həmkarı Emmanuel Makron ilə görüşmüşdü.