Sentyabrın 10-da Fransanın onlarla şəhərində etiraz aksiyaları keçirilir. Aksiyalar "Hər şeyi blok et" şüarı altında keçirilir, etirazçılar yolları bağlayırlar. Onlar hakimiyyətin siyasətinə, sosial xərclərin azaldılmasını nəzərdə tutan büdcə layihəsinə kəskin narazılıqlarını bildirirlər.
Bir gün öncə Fransua Bayrunun hökuməti etimadsızlıq səsverməsindən sonra istefa verib.
Təhlükəsizlik qüvvələri yolları operativ açmağa çalışır. Bəzi yerlərdə nümayişçilərlə polis toqquşub.
Parisdə tələbələrin barrikadanı yandırdığı bildirilir. Yanğınsöndürənlər cəlb edilib.
Fransanın paytaxtında 100-dən çox adam saxlanılıb. Nant, Tuluz və Monpelyedən də toqquşmalar barədə xəbərlər verilir. Etirazlarda ümumilikdə 100 minədək insan iştirak edir.
"Hər şeyi blok et" hərəkatı şəbəkə strukturlu təşkilatdır, fəallar sosial şəbəkələrdə birgə addımlarını razılaşdırırlar. Hazırda hərəkatda əsas kursu ultrasolçu fəalların müəyyənləşdirdiyi bildirilir. Hərəkat başlayanda əsas qüvvə sağçılar sayılırdı. Həm sağ, həm də sol qanad prezident Emmanuel Makronun siyasətinə qarşı çıxış edir.
Şərhçilər bu nümayişləri Makronun prezidentliyinin ilk illərindəki "Sarı jiletlilər" hərəkatı ilə müqayisə edirlər.
"Telegram" messencerinin qurucusu Pavel Durov da etirazçılara dəstək verib.
"Makronun uğursuz siyasətinə qarşı Fransadakı etirazlarda "Telegram"ın vasitəyə çevrilməsi ilə fəxr edirəm. Səkkiz il boyunca insanlara biganə yanaşdılar, indi isə onlar boş vədlərdən bezib cavab verirlər", – Durov bildirib.
P.Durov Fransada messencerin qeyri-qanuni məqsədlərlə istifadə olunması ehtimalı ilə bağlı istintaq altındadır.