Fransada gül və çörək dükanlarına Əmək Günündə işləməyə icazə verilib

Lion şəhərində çörək sexi

Fransa mayın 1-də qeyd olunan Əmək Günündə gül və çörək dükanlarına işləməyə icazə verib. Ölkədə sərt əmək qaydaları hökm sürür – işəgötürənlər mayın 1-də işçilərin işə çıxmasını tələb edə bilməz.

Həmkarlar ittifaqları bu təşəbbüsə qarşı çıxırdı. Onlar, ümumiyyətlə, işçi hüquqlarının hər hansı formada dəyişdirilməsinin əleyhinədirlər.

Genişmiqyaslı islahatlar tərəfdarı olan baş nazir Sebastyan Lekornünün mərkəzçi koalisiyası isə bayram günlərində daha çox biznes strukturuna işləmək icazəsinin verilməsini təklif edirdi.

"The Financial Times" yazır ki, bu gün fransızlar üçün əziz olan iki sektor işləyir – onlar rahatlıqla baqet və zanbaq ala biləcəklər.

Gül dükanı işlədən Nora Bensaid deyib ki, adətən 1 Mayda dükanı açır, lakin bu il cərimələnməyəcəyinə görə məmnundur. Onun beş işçisindən üçü işə çıxacaq və onlara ikiqat ödəniş ediləcək. İşə çıxan işçilər buna könüllü razılıq verməlidirlər.

Fransada 11 milli bayram günü var. Adətən xəstəxana işçiləri və polis əməkdaşları növbə ilə işləyir. Bəzi restoranlar, kafelər və kinoteatrlar isə hüquqi baxımdan "boz zona" sayılıb açıq olur. Son illər bəzi böyük supermarketlər də minimal təhlükəsizlik heyəti və avtomatik kassalarla fəaliyyət göstərməyə başlayıb.

Çörəkçilər artıq bir neçə ildir ki, mübahisə mövzusudur. "Bo&Mie" şəbəkəsinin sahibi Əmək Günü mağazalarını açdığı üçün təxminən 80 min avro cərimələnmişdi. Bu sektor üzrə həmkarlar qrupunun rəhbəri Dominik Anrakt istisnanı belə əsaslandırıb: "Heç kəsi işləməyə məcbur etmirik, insanlar təzə bişmiş çörək istəyir".

Avropa ölkələrinin əksəriyyətində Əmək Günü dövlət bayramıdır. Fransada isə bu günlə bağlı ən sərt əmək rejim tətbiq olunur.