2030-cu ilədək Azərbaycanda Formula 1 yarışları keçiriləcək

Arxiv fotosu

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin müqaviləsinin müddəti uzadılıb. Bu barədə Bakı Şəhər Halqasından məlumat verilib. Anlaşmaya əsasən, yarış 2030-cu ilədək keçiriləcək.

Azərbaycanda Formula 1 yarışları 2016-cı ildən keçirilir. Bu il isə həmin yarışlar Bakıda sentyabrın 19-u 21-i arasında keçirildi. Həmin günlər Bakıda bəzi orta məktblərdə dərslər onlayn tədris edildi.

Ötən il dövlət büdcəsindən “Formula 1” Azərbaycan Qran-Prisi üçün 168 milyon manat vəsait xərclənib.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 27-də keçirilən iclasında 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabata istinadla bildirilib.

Nəticə etibarı ilə 2016-cı ildən bəri "Formula 1" yarışlarına ev sahibliyi edən Azərbaycan bu yarışların təşkilinə milyonlarla manat vəsait xərcləyir. Lakin ümumilikdə rəqəmlərin detalları və ümumi məbləği ictimaiyyətə açıqlanmır.

Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, beynəlxalq idman yarışları ölkəyə xeyli turist cəlb edir, büdcəyə milyonlarla gəlir gətirir.

Ekspertlər də gəlirin qazancdan dəfələrlə az olduğunu iddia edirlər.

Bir sıra müxalifət partiyaları isə bildirirlər ki, bu vəsait təhsil, səhiyyə, regional inkişaf kimi daha vacib sahələrə yönəldilə bilərdi.