Florida sahillərində miqrantları daşıyan qayıq batıb, 39 miqrantın həlak olduğu bildirilir. Xəbəri ABŞ Sərhəd Qvardiyası yanvarın 26-da yayıb.
Yanvarın 25-də kommersiya qayığı batan qayıqdan yapışmış bir kişini xilas edəndən sonra Sərhəd Qvardiyasına məlumat verilmişdi.
Qayıqdan salamat çıxan şəxs orada daha 39 nəfərin olduğunu, heç kəsin təhlükəsizlik jileti geyinmədiyini deyib.
Sahil Qvardiyası kapitanı Co-Ann Bördiən mətbuat konfransında deyib ki, qayıq Baham adalarından yanvarın 22-də çıxıb, dəniz sularına qərq olub. Sahil Qvardiyası gəmilər və təyyarələr vasitəsilə axtarış apardığını bildirir.
“Bir cəsəd tapmışıq… digərlərinin axtarışı davam edir”, – Bördiən deyib.
“Hər dəqiqə keçdikcə vəziyyət daha da ağırlaşır, kiminsə sağ qalması inandırıcı görünmür”, – o, sözlərinə əlavə edib.
Rəsmilərin fikrincə, qayıq Florida yaxınlığında yerləşən Baham adamlarından mütəmadi insan alveri əməliyyatlarının tərkib hissəsi olub.
İnsan alverçilərinin Baham vasitəsilə Haiti kimi digər Karib hövzəsi ölkələrindən Birləşmiş Ştatlara adam daşıdığı bildirilir.