Noyabrın 5-də Finlandiya məhkəməsi "Fitburq" yük gəmisinin rusiyalı kapitanı və azərbaycanlı heyət üzvü barəsində hökm çıxarıb. Onlar ötən il Finlandiya körfəzində iki sualtı rabitə kabelini zədələməkdə və ağır sabotaj törətməkdə təqsirli biliniblər.
Finlandiya dekabrın 31-də Rusiyadan İsrailə gedən bu gəmini Finlandiya körfəzində saxlamışdı. Gəminin Helsinki ilə Estoniya arasındakı kabelləri zədələdiyindən şübhələnirdilər.
Helsinki rayon Məhkəməsi kapitanı 3 il 6 ay, azərbaycanlı heyət üzvünü isə 2 il 10 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmənin qənaətinə görə, hər iki şəxs gəminin lövbər zəncirini və milini dənizin dibi ilə təxminən 130 kilometr məsafədə qəsdən sürükləyiblər.
Vəkillərin dediyinə görə, kapitan bu hökmdən apellyasiya şikayəti verəcək, azərbaycanlı dənizçi isə hələlik bununla bağlı qəti qərara gəlməyib.
Məhkəmə hər iki təqsirləndirilən şəxsin birlikdə 1.9 milyon avro təzminat ödəməsi barədə də qərar çıxarıb. Hökmə əsasən, kapitan fərdi olaraq daha 85 min avro ödəməlidir.
Sent-Vinsent və Qrenadin bayrağı altında üzən gəmi həmin vaxt Rusiyanın Sankt-Peterburq limanından İsrailə gedirmiş. Hadisədən sonra gəminin özü sərbəst buraxılıb.
Hazırda hər iki şəxsin ölkədən çıxışına qadağa qoyulub. Onlar hər hansı qanun pozuntusuna yol vermədiklərini deyir, həmçinin Finlandiya məhkəməsinin bu işə baxmaq yurisdiksiyasına etiraz edirlər.
Ümumilikdə gəminin 14 nəfərlik heyəti Rusiya, Gürcüstan, Qazaxıstan və Azərbaycan vətəndaşlarından ibarət olub.
2022-ci ildən bəri Baltik dənizindəki kabellərə və boru kəmərlərinə zərər vuran oxşar hadisələrdən sonra Finlandiya sualtı infrastrukturunun mühafizəsini daha da gücləndirib.