Fərman Ceyranlı 6 illiyə həbs olundu

Fərman Ceyranlı

Tbilisi Şəhər Məhkəməsi azərbaycanlı həkim, orada fəaliyyət göstərən «Lanset» klinikasının rəhbəri Fərman Ceyranlıya 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb. O, dələduzluq ittihamı ilə təqsirli bilinib.

Xəstənin həyat və sağlamlığına təhlükə barədə informasiyanın gizlədilməsi və ya yalan məlumat verilməsi ilə bağlı digər ittiham üzrə isə ona bəraət verilib.

F.Ceyranlı ötən ilin mayında Gürcüstanda həbs olunub. O, klinikasında qanunsuz ciyər transplantasiyası əməliyyatları həyata keçirməkdə və pasientlərdən aldatma yolu ilə külli miqdarda pul almaqda suçlanır.

Amma cərrah özünü təqsirli bilmir və Azərbaycan hökumətinin sifarişi ilə həbs olunduğunu deyir. Məhkəmədəki çıxışlarında da bunu dilə gətirib.

Azərbaycandan ictimai-siyasi fəalların bir neçəsi F.Ceyranlının rəhbərlik etdiyi klinikada müayinə və müalicə olunub. Onun adı AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlının da işində keçirdi.