'Həbsdə iqtisadiyyat insan hekayələrinə çevrilir'- Fərid Mehralızadə həbsdən yazır

Fərid Mehralızadə

AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 2024-cü il mayın 30-dan Azərbaycanda haqsız olaraq həbsdə saxlanır. O, "AbzasMedia" nəşrinə qarşı cinayət işi üzrə qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, vergidən yayınma və digər ittihamlarla 9 il həbsə məhkum edilib.

İnsan haqları qrupları ittihamları qurama sayır, Fəridin jurnalistika fəaliyyəti ilə əlaqələndirirlər. F.Mehralızadə məhkəməsində məhz AzadlıqRadiosundakı yazılarına görə cəzalandırıldığını deyib.

Həbsinin ikinci ildönümündə Mehralızadə dəmir barmaqlıqlar arxasındakı həyat, həbsxana iqtisadiyyatının insani tərəfi və demək olar ki, heç görmədiyi qızı ilə süni intellekt vasitəsilə hazırlanan fotosu barədə düşüncələrini bölüşür.

1. Səni ayaqda saxlayan əsas xatirə nədir?

Övladım mən həbs olunandan bir neçə ay sonra dünyaya gəldi. Biz hələ yalnız həbsxana görüşlərində bir-birimizi görə bilmişik. Ona görə də bu günə qədər birlikdə çəkilmiş şəklimiz yoxdur.

Bir müddət əvvəl dostlarım süni intellekt vasitəsilə bizim birlikdə fotomuzu hazırlayıb mənə hədiyyə etdilər. O şəkli əlimdə tutanda itirdiyim bütün qiymətli anların ağırlığını hiss etdim: ilk addımlar, ad günləri, evdə keçirilən bayramlar.

Şəkil o qədər real görünürdü ki, ilk baxışda insanı sarsıdırdı. Görünür, mən həbsdə olduğum müddətdə süni intellektin texniki imkanları çox genişlənib. Ancaq, təbii ki, heç bir texnoloji tərəqqi insani hissləri üstələyə bilmir və orada olmağın yerini vermir.

Bu şəkilin realını çəkdirmək, yəni sevdiklərimə qovuşmaq ən böyük motivasiyamdır.

2. Həbs sənə Azərbaycan haqqında nə öyrətdi?

Həbs mənə normal həyatda yəqin ki, heç vaxt eyni mühitdə olmayacağım insanlarla tanış olmaq imkanı verdi. Mən gördüm ki, cəmiyyətdə çoxlu fərqli Azərbaycan xəyalları var; hər sosial qrup öz ölkəsini başqa cür xəyal edir.

Həbsin mənə göstərdiyi digər reallıqlardan biri də dinin cəmiyyətdə düşündüyümüzdən daha güclü yer tutmasıdır. İctimai-siyasi proseslərə çox təsir etmədiyi üçün azadlıqda dinin Azərbaycan cəmiyyətində oynadığı rolun əhəmiyyəti çox gözə çarpmır. Ancaq həbsxana kimi qapalı mühitdə görünür ki, din Azərbaycan cəmiyyətində kifayət qədər güclü dayaqlara malikdir.

Məni müsbət mənada təəccübləndirən məsələlərdən biri də insanların öyrənməyə həvəsi oldu. Məsələn, hansısa xarici dil və ya hansısa maraqlı sahədə bilgili olan şəxslərə çoxsaylı insan müraciət edir ki, həmin bilikləri onlara öyrətsin. Kitab oxuyanların sayı da düşündüyümdən qat-qat çoxdur. Bəlkə də, insan azadlıqdan məhrum olanda bilik özünü qorumağın yollarından birinə çevrilir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Fərid Mehralızadə həbsdə də hökumətin dediyini ifşa edir

3. Azərbaycan jurnalistikası həbsxanada necə görünür?

Əslində görünmür, çünki Azərbaycan həbsxanalarında internet yoxdur. Televiziya və çap mediasında isə jurnalistika adına nəsə tapmaq çox çətindir.

Amma burada maraqlı bir detal da var. Həbsdə siyasi məhbusların böyük əksəriyyətinə — fərqi yoxdur jurnalistdir, siyasi fəaldır, yoxsa müxalifət üzvü — ümumi şəkildə "jurnalist" deyirlər. Yəni həbsxana jarqonunda "jurnalist" sözü müəyyən mənada "siyasi məhbus" sözünün sinoniminə çevrilib.

Bu adlandırma təsadüfi deyil. Bu, Azərbaycanda müstəqil jurnalistikanın nə qədər riskli və təhlükəli fəaliyyət sahəsinə çevrildiyini göstərir.

4. Azərbaycan iqtisadiyyatı həbsxanadan necə görünür?

Rəsmi statistikalar da göstərir ki, Azərbaycanda məhkumluğa ən çox səbəb olan cinayətlərdən biri narkotiklə bağlı maddələrdir. Hətta Cinayət Məcəlləsinin 234-cü maddəsi məhkumlar arasında "milli maddə" kimi tanınır.

Azadlıqda olarkən düşünürdüm ki, narkotik cinayətlərinin çoxluğu əsasən istifadə səviyyəsinin yüksək olması ilə bağlıdır. Amma həbsxanada görürsən ki, məsələnin ciddi iqtisadi tərəfi də var. Çünki narkotiklə bağlı məhkum olunanların arasında heç vaxt narkotik istifadə etməmiş çox sayda insan var. Onları narkokuryerliyə və qaçaqmalçılığa sövq edən əsas səbəb isə işsizlik və gəlirsizlikdir.

Bu səbəbdən düşünürəm ki, xüsusilə cəzaçəkmə müəssisəsindən çıxan şəxslər üçün real və işlək məşğulluq proqramlarının yaradılması çox vacibdir. Əks halda, insanlar yenidən eyni mühitə və eyni çıxılmaz vəziyyətə qayıdırlar. Həbsxanadan baxanda Azərbaycan iqtisadiyyatında ilk görünən problemlərdən biri məşğulluq problemidir.

Paradoksal səslənsə də, həbsxanalarda ən çox rast gəlinən sosial qruplardan biri sahibkarlardır. Vergi, gömrük və borc məsələlərinə görə həbs olunan çox sayda işadamı var. Bu isə ölkədə biznes mühitinin nə qədər həssas və qeyri-sabit olduğunu göstərir.

Bəzən görürsən ki, 20 ildən artıq dövlətə vergi ödəmiş sahibkar nisbətən kiçik vergi borcuna görə həbs olunub. Halbuki belə həbslər yalnız bir insanın azadlığını itirməsi demək deyil. Bu, həm də həmin müəssisənin dayanması, iş yerlərinin bağlanması və onlarla ailənin gəlir mənbəyini itirməsi deməkdir.

Həbsdə ən çox müzakirə olunan mövzulardan biri də azadlığa çıxarkən verilən birdəfəlik ödənişdir. Mövcud qaydalara görə bu məbləğ minimum əməkhaqqının dörd mislidir — hazırda təxminən 1600 manat. Maraqlıdır ki, hələ azadlığa çıxmasına illər qalan insanlar belə həmin pulla nə edəcəkləri barədə plan qururlar. Dəfələrlə şahidi olmuşam ki, bəzi məhkumlar həyatlarında heç vaxt birdəfəlik bu qədər pul qazanmadıqlarını deyirlər. Bu isə Azərbaycanda gəlir bərabərsizliyinin nə qədər dərin olduğunu çox aydın göstərir.

Fərid Mehralızadə

5. Hansı iqtisadi anlayış həbsxanada sənin üçün fərqli məna qazanıb?

Ağlıma ilk gələn anlayış yoxsulluqdur. Azadlıqda mənim üçün yoxsulluq əsasən gəlir səviyyəsi ilə bağlı idi. Amma həbsdə anlayırsan ki, yoxsulluq həm də seçim imkanının olmamasıdır. Çünki burada pulun olsa belə, istədiyini istədiyin vaxt ala bilmirsən. Həbsxana mağazası müəyyən qrafiklə işləyir, çöldən gələn sovqat qəbulunun da öz qaydaları var; bəzən sadəcə gözləməyə məcbur olursan.

Amma həbsxanada yoxsulluqla mübarizənin başqa tərəfini də görürsən. İnsanlar burada kollektiv şəkildə yaşayırlar və bu, paylaşmağı zərurətə çevirir. Birinin çayı yoxdursa, o biri paylaşır; birinin paltarı çatmırsa, digəri kömək edir. Həbsdə sosial müdafiənin əsas mexanizmi dövlət yox, kollektiv şüurdur. Bəlkə də buna görə həbsdə insanlar yoxsulluğun nə qədər ağır hiss olduğunu daha yaxşı anlayırlar.

6. Həbsdə iqtisadiyyat haqqında düşünmək necə hissdir?

Həbsdə iqtisadiyyat haqqında düşünmək azadlıqda düşünməkdən tamamilə fərqlidir. Uzun illər ölkə iqtisadiyyatını büdcə rəqəmləri, neft gəlirləri, inflyasiya, manatın məzənnəsi və digər iqtisadi göstəricilər üzərindən anlamağa çalışmışdım. Amma həbsdə iqtisadiyyat statistika olmaqdan çıxıb insan hekayələrinə çevrilir.

Əlbəttə, burada da müəyyən müşahidələrdən nəticə çıxarmaq olur. Məsələn, yeməkxanaya gedənlərin sayından, yaxud başqasından siqaret istəyənlərin çoxalmasından ümumi vəziyyət haqqında təsəvvür formalaşdırmaq mümkündür. Amma məncə, əsas fərq ondadır ki, həbsxanada ən qiymətli şey pul olmur. Bəzən qış günü əlavə bir yorğan, bəzən kiminsə sənə salam göndərməsi, bəzən də uzun müddətdir eşitmədiyin sevdiyin bir mahnını təsadüfən dinləmək imkanı puldan daha dəyərli görünür.

Düşünürəm ki, həbs mənə iqtisadiyyat haqqında universitet təhsilindən heç də az olmayan təcrübə qazandırıb. Çünki burada bütün nəzəriyyələrin sonunda insan dayanır. Həbsdə iqtisadiyyat haqqında düşünəndə rəqəmlərdən çox insanların davranışlarını, qorxularını, ümidlərini və gündəlik həyat uğrunda mübarizəsini görməyə başlayırsan.