ABŞ Mərkəzi Bankı – Federal Ehtiyat Sistemi (FED) fevralın 1-də keçirilən iclasında uçot dərəcəsini dəyişməyib.
FED uçot dərəcəni 0.5-0.75 səviyyəsində saxlayıb. Bu qurumun açıqlamasında deyilir ki, istehlakçı xərcləri artsa da, 2 faizlik inflyasiya hədəfinə çata bilməyiblər.
Bu ilin yanvarında FED rəhbəri Janet Yellen bildirmişdi ki, 2019-cu ilin sonunadək uçot dərəcəsini bir neçə dəfə artırmaq planlaşdırılır. Uçot dərəcəsinin artırılmasının dəqiq vaxtı və templəri barədə məlumat verməyən J.Yellen qeyd etmişdi ki, bu, ABŞ iqtisadiyyatının gələcək göstəricilərindən asılı olacaq. «FED uçot dərəcəsini mərhələli şəkildə artırmağı planlaşdırır. Hazırda uçot dərəcəsi 0.5-0.75 faiz səviyyəsindədir. 2019-cu ilədək uçot dərəcəsinin 3 faizədək artırılması planlaşdırılır. Bununla belə, biz ABŞ-da iqtisadi artımın kifayət qədər güclü olduğuna əmin olmalıyıq», - deyə J.Yellen bildirib.
Son dəfə, ötən il dekabrın 14-də FED uçot dərəcəsini artırmışdı. Bundan əvvəl, 2015-ci il dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0.25 faiz artırılması barədə qərar qəbul etmişdi.