İranda keçmiş prezident Əkbər Haşemi Rəfsəncaninin siyasi fəallığı ilə tanınan qızı Faizə Haşemi Tehranda naməlum ittihamla həbs edilib.
İran İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) bağlı Təsnim xəbər agentliyi bildirir ki, o sentyabrın 27-də Tehran şəhərində “iğtişaşları qızışdırdığına” görə həbs olunub.
Agentlik bunu da bildirir ki, Faizə Haşeminin iddia olunan “təxribatı” uğursuzluğa düçar olub və o adamları küçələrə çıxara bilməyib.
Həbsindən əvvəl xanım Haşemi demişdi ki, hakimiyyət son 12 gündə ölkəni lərzəyə gətirmiş etirazları məqsədli şəkildə “iğtişaş” adlandırır:
"Etirazları görənlər bilirlər. Gənclər zibil qutularına ona görə od vururlar ki, təhlükəsizlik qüvvələri onlara qarşı gözyaşardıcı qazdan istifadə edir. Onlar təhlükəsizlik əməkdaşlarını özlərini müdafiə etmək üçün döyürlər”.
Buna da bax:
Bakıda İran səfirliyi qarşısında aksiya olub“İnqilab şüarları gənclərə yaddır”
Faizə Haşemi yaydığı səs yazısında daha sonra deyirdi ki, gənclər hicab məsələsi ilə bağlı etiraz edirlər:
"Bu onu göstərir ki, bizim gəncliyimiz gələcək istəyir, həyat istəyir. Onlar rejimi devirməyə çalışmırlar, hərçənd belə də ola bilər”.
İran boyunca etirazlar sentyabrın 16-da 22 yaşlı gənc qadın Məhsa Əmini hicab qaydasını pozduğuna görə polisə aparıldıqdan və orada vəfat etdikdən sonra başlanıb.
Etirazçılar qadının polis məntəqəsində döyülərək öldürüldüyünü iddia edirlər.
AzadlıqRadiosunun Fars xidməti - Radio Fərdaya verilmiş səs yazısında bildirilir ki, indiki etirazların iştirakçılarının tələbləri başqa etiraz tələblərindən fərqlənir.
İndiyədək keçirilən aksiyalarda adamlar yaşayış səviyyəsinin aşağı olmasından və iqtisadi durumlarından şikayətlənirdilər:
"Belə tələblər həmişə olub və yenə də olacaq. Gənc nəslə İslam inqilabının şüarları yaddır”.
Sizin brauzer HTML5-i dəstəkləmir
İranda 6 güllə ilə öldürülən Nəcəfi TikTok sosial şəbəkəsində aktiv imiş
“Hakimiyyətdə qalmaq üçün o qədər haqsızlıq törədirlər ki...”
Keçmiş millət vəkili və qadın hüquqlarının müdafiəçisi Faizə Haşemi deyib ki, qadınlar 1979-cu il inqilabından sonra icbari olmuş hicaba məcbur edilməməliydilər.
O bildirib ki, ruhani hakimiyyət son illərdə “diktaturaya” çevrilib:
"Onlar hakimiyyətdə qalmaq üçün o qədər haqsızlıq törədirlər ki...”
Faizə Haşemi bunu da qeyd edib ki, hakimiyyətin azad seçkilər kimi mənalı islahatlara gedəcəyinə inanmır.
Xanım Haşemi mühafizəkar İbrahim Rəisini hakimiyyətə gətirmiş seçkini boykot etməyə çağırmışdı.
O habelə demişdi ki, İran hakimiyyətinin düzgün olmayan siyasəti ölkənin üzərinə ABŞ sanksiyalarının qoyulması ilə nəticələnib.
Buna da bax:
Prezident: İran ölkənin təhlükəsizliyinə qarşı çıxanlarla qətiyyətlə davranmalıdırSilsilə həbslər tarixçəsi
Haşemi 2016-cı ildə İranda təqib olunan Bəhayi icmasının başçısı ilə görüşdüyünə görə Tehranın Evin həbsxanasına salınmışdı.
Ümumiyyətlə isə İslam hakimiyyətinin qurucularından olmuş keçmiş prezidentin qızı indiyədək bir neçə dəfə həbs olunub.
O 2009-cu ilin böyük etirazlarında iştirak etmiş, 2012-ci ildə “sistemə qarşı təbliğat” apardığına görə həbs edilmişdi.
Faizə Haşemi demişdi ki, İranın İİKK-nin ABŞ-ın sanksiyalar siyahısından çıxarılmasını tələb etməsi ölkəyə ziyan vurur.
Bəzi məlumatlara görə Haşemi Məhəmməd peyğəmbərin arvadı Xədicəni “biznes qadını” adlandırmış və demişdi ki, bu, qadınların da iqtisadiyyat sahəsində çalışa biləcəklərini göstərir.
O az sonra bu qeydlərinə görə üzr istəməli olmuşdu.
Haşeminin həbsindən az əvvəl hicab etirazlarını dəstəklədiklərinə görə onlarca fəal, 20-dək jurnalist və 4 hüquqşünas həbs olunmuşdu.