Müsavatçı təkbaşına aksiya keçirib, saxlanıb

Ə.Məmiyev saxlanıb.

DİN-dən cavab

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev "Turan"a aprelin 5-i, günün ikinci yarısı deyib ki, Əziz Məmiyev sərbəst buraxılıb: "Onu narahat edən məsələlərlə bağlı ərizələr alınıb. Özü barəsində isə hər hansı inzibati icraat tətbiq olunmayıb".

+++

Aprelin 5-də müxalif Müsavat Partiyasının üzvü Əziz Məmiyev Bakıda Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) binası qarşısında etiraz aksiyasını keçirib.

Fəalin sözlərinə görə, o, təqib və təhdid olunur: "Facebook-dan saxta profillərlə yazıb təhdid edirlər. Bir müddət əvvəl xarici nömrələr vasitəsilə, gizli nömrələr ilə zəng edib ən əxlaqsız küçə söyüşləri ilə özümü, ailə üzvlərimi söyüb, təhqir edirdilər".

O qeyd edib ki, Daxili İşlər Nazirliyinə müraciətlər etsə də, tədbir görülməyib.

Müxalifətçi fəal iddia edir ki, onu intim görüntülərinin yayılması ilə təhdid edirlər: "İndi də "səndə dəyərli olan bir şey var, az qalıb, səndən alacağıq onu" deyib təhdid edirlər. Bu hakimiyyət artıq bütün qırmızı xətləri keçdi".

Aksiya zamanı Ə.Məmiyevi polis saxlayıb.