Jurnalist Əvəz Zeynallı vəfat edib 

Əvəz Zeynallı məhkəmədə

"Xural TV" internet televiziyasının rəhbəri Əvəz Zeynallı uzun sürən xəstəlikdən sonra bu gün, sentyabrın 28-də vəfat edib.

O, bir ildən çox idi ki, xərçəng xəstəliyindən müalicə olunurdu. Məhz bu səbəbdən də həbsdən vaxtından əvvəl azad edilmişdi. Ötən il aprelin 25-də Penitensiar Xidmətin Müalicə Müəssisəsindən buraxılan jurnalist elə həmin gün Nizami rayon Məhkəməsinin qərarı ilə səhhətinə görə azadlığa buraxılmışdı.

Yaxınları deyirdi ki, Ə.Zeynallının xəstəliyi daha tez müəyyən edilsə də, səhhəti ilə əlaqədar azadlığa buraxılması yubadılıb. Vəkilləri də səhhətinə görə azad olunması üçün məhkəməyə müraciət etmişdi. Rəsmi qurumlar bu iddialara münasibət bildirməyiblər.

Ə.Zeynallı 2022-ci il sentyabrın 9-da həbs olunmuşdu. Ona qarşı əvvəlcə rüşvət ittihamı irəli sürülsə də, sonradan cinayət işinə dələduzluq və nüfuz alveri kimi yeni ittihamlar da əlavə edilmişdi. O, özünü təqsirli bilmir, susdurulması üçün siyasi sifarişlə həbs olunduğunu deyirdi.

Məhkəmənin hökmü ilə 9 il azadlıqdan məhrum edilən jurnalistin cəza müddəti sonradan 2 ay azaldılmışdı.

Bu, Ə.Zeynallının ikinci həbsi idi. Birinci həbsi zamanı isə o, Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrında saxlanmış və 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin vaxt baş redaktor külli miqdarda rüşvət almaq, məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunurdu. O, bütün ittihamları rədd edirdi. 2014-cü ildə prezidentin əfv sərəncamı ilə azadlığa çıxmışdı.

Xatırlatma

Hazırda Azərbaycanda 20 civarında jurnalist həbsxanadadır. Onlar əsasən qaçaqmalçılıq və digər qanunsuz əməllərdə ittiham olunurlar. Amma özləri ittihamları qəbul etmir, bunu peşə fəaliyyətləri və siyasi qərarlarla əlaqələndirirlər.

Beynəlxalq insan haqları təşkilatları hökuməti haqsız yerə tutulan şəxsləri azad etməyə çağırır.