"Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlanıb.
İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumata görə, bu il Azərbaycanı İtaliyanın Turin şəhərində "Səs Azərbaycan" müsabiqəsinin qalibi Nadir Rüstəmli təmsil edəcək.
N.Rüstəmli 1999-cu ildə Salyan şəhərində doğulub və uşaq yaşlarından musiqi ilə məşğul olub. O, 2019-cu ildə "Youthvision" beynəlxalq tələbə mahnı müsabiqəsində Azərbaycanı təmsil edib.
Onun ifa edəcəyi mahnının martın əvvəllərində açıqlanacağı gözlənir.
İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" (Gözəlliyin səsi) olan "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da baş tutmalıdır.
Xatırlatma
"Avroviziya-2021" mahnı müsabiqəsi Niderlandın Rotterdam şəhərində baş tutmuşdu. Mayın 22-də başlayan final mərhələsinin qalibi İtaliya olmuşdu. İtaliyanın "Maneskin" qrupunun "Zitti e buoni" mahnısı 524 xal toplamışdı. Həmin mahnı yarışmasında ikinci yeri Fransa, üçüncü yeri isə İsveçrə qazanıb.
Azərbaycan təmsilçisi Samirə Əfəndi "Mata Hari" mahnısını ifa edib. O, müsabiqəni 20-ci sırada başa vurmuşdu.