2025-ci ilin ilk 11 ayında (yanvar-noyabr) Azərbaycana 159 milyon 536 min dollar dəyərində 23 min 53 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.
Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) statistik məlumatlarında bildirilir.
Bu, bir il əvvələ nisbətən dəyər ifadəsi ilə 5.3 faiz çox, miqdar ifadəsi ilə 12.7 faiz azdır.
Hesabat dövründə ölkəyə gətirilən ətin çəkisində də azalma var. Son bir ildə 53 min 337 tondan 43 min 55 tona düşüb. (-19.3 faiz) Dəyərdə isə göstərici 116 milyon 989 mindən 103 milyon 15 min dollara qədər azalıb. (-12 faiz)
Buğda idxalında isə, az da olsa, əks proses gedib. Bu məhsulun idxalı 1.117 milyondan 1.132 milyon tona yüksəlib. (+1.3 faiz) İdxal edilən məhsulun dəyəri isə 241 milyondan 244 milyona qədər artıb. (+1.5 faiz)
Son bir ildə ölkədə kərə yağının qiyməti təqribən üç, mal və qoyun ətinin qiyməti də bir o qədər artıb, unda isə nisbətən az bahalaşma var. Bir il əvvəl 50 kiloqramlıq unun kisəsi 27 manat 50 qəpiyə idisə, indi 29-30 manata təklif edilir.