Estoniya və Latviya Rusiya nömrəli avtomobillərin girişini qadağan edir

Narva çayı üzərində körpüdəki Rusiya ilə sərhəd-keçid məntəqəsində nəqliyyat vasitələri gözləyir.

Estoniya və Latviya Rusiya dövlət nömrə nişanlı avtomobillərin sərhəddən ölkəyə girişini qadağan edib. Bu addım Avropa Komissiyasının Avropa İttifaqı ərazisinə özəl avtomobillərin girişinin qanunsuz idxal sayılması haqda tövsiyəsindən sonra atılıb.

Daha öncə Litva hakimiyyəti belə bir məhdudiyyət qoyub: Rusiya nömrə nişanlı avtomobillər yalnız Kalininqrada tranzit və geri dönüş üçün bu ölkəyə daxil ola bilərlər.

Estoniyanın Daxili İşlər naziri Lauri Lyaenemets deyib ki, girişin yasaqlanmasında məqsəd Moskva üçün təcavüzün bədəlini qaldırmaq, təcavüzkar ölkəni Ukraynadan öz sərhədlərinə çəkilməyə məcbur etməkdir, – "Postimees" qəzeti nazirə istinadla yazır.

Litva gömrüyünün başçısı Daryus Jvironas LRT radiostansiyasının efirində deyib ki, gələcəkdə Avropa Komissiyasının tövsiyəsi artıq AB ərazisində olan avtomobillərə də aid ola bilər: "Hesab edirəm ki, Rusiyada qeydiyyatdan keçmiş avtomobili olan hər bir Rusiya vətəndaşı diqqətli olmalı və bu nəqliyyat vasitəsilə üçüncü ölkələrə getməlidir".