Qanunsuz estetik əməliyyatların aparılması barədə mediada yayılan məlumatlar əsasında "UĞUR 777 estetik mərkəz" ilə bağlı araşdırma aparılıb və cinayət işi başlanıb.
Bu haqda Baş Prokurorluğun məlumatında deyilir.
Açıqlamaya görə, həmin mərkəzin qanunsuz fəaliyyət göstərməsi, orada ayrı-ayrı şəxslərin bədən nahiyələrində estetik cərrahi əməliyyatlar nəticəsində onların sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr yaranıb.
Vurğulandığına görə, araşdırmalar nəticəsində o da aşkarlanıb ki, özlərini həkim-kosmetoloq kimi təqdim edənlərin müvafiq ali və ya orta ixtisas tibbi təhsili, habelə sertifikasiya şəhadətnaməsi yoxdur: "Toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 131.2 (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Prokurorluğuna göndərilib".
Rəsmi açıqlamaya sözügedən mərkəzdən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Son zamanlar Azərbaycanda plastik əməliyyat edən bəzi həkimlərin buna səlahiyyətlərinin olmaması ilə bağlı məsələlər geniş müzakirə olunur. Bu sahədə bir sıra həkimlərin heç müvafiq diplomunun olmadığı iddia edilib. Səhiyyə Nazirliyi ötən ilin dekabrında bu müraciətləri araşdırmaq məqsədilə səhiyyə nazirinin əmri əsasında xüsusi işçi qrup yaradıldığını bildirib.
Buna da bax: İkinci ölüm hadisəsinə görə məsuliyyətə cəlb edilən həkimə cəza verildi