Azərbaycan "Azəri-Çiraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənilməsi layihəsi çərçivəsində 2001-ci ildən indiyədək 168 mlrd. dollar xalis mənfəət əldə edib.
AZƏRTAC-ın xəbərinə görə, bunu sentyabrın 13-də Energetika Nazirliyinin Səngəçal terminalına təşkil etdiyi media-tur çərçivəsində "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı deyib.
AÇG Bakıdan şərqdə, təxminən 100 km məsafədə yerləşən yataqlar blokudur. O, Xəzər dənizində istismarda olan ən böyük neft yataqlarıdır və 432 kvadrat kilometrdən çox ərazini əhatə edir.
AÇG bloku üzrə ilk saziş 1994-cü il sentyabrın 20-də imzalanmışdı. Onda BP 35.78, "Chevron" 11.27, "ExxonMobil" 8, "ONGC Videsh Limited" 2.72, "Inpex" 10.96, "Itochu" 4.3, SOCAR 11.65, "Statoil" 8.56 və TPAO 6.75 faiz pay sahibi idi.
Bu blok üzrə 2017-ci ildə saziş yenilənərək 2050-ci ilə kimi uzadılıb. Bu dəfə BP 30.37, AzACG (SOCAR) 25, "Chevron" 9.57, "Inpex" 9.31, "Statoil" 7.27, "ExxonMobil" 6.79, TPAO 5.73, "Itochu" 3.65 və "ONGC Videsh Limited (OVL)" 2.31 faiz paya yiyələniblər.