Bu gün, sentyabrın 7-də Bakıda vaxtılə ordu sıralarında həlak olan, amma status verilməyən hərbçilərin valideynləri etiraz aksiyası keçirib.
Müxtəlif vaxtlarda hərbi xidmət zamanı həlak olan əsgərlərin valideynləri günün birinci hissəsi şəhərin mərkəzi ərazisində oturaq aksiyaya başlayıblar. Onlar Prezident Administrasiyasının qarşısında aksiya keçirmək istəsələr də, polis əməkdaşları onlara inzibati binaya yaxınlaşmağa imkan verməyib.
Həmin şəxslər uşaqlarına status verilməsini tələb ediblər: "Xidmətini yerinə yetirən zaman, əynində əsgər paltarı olanda uşağımızı vurublar, evimizə bayrağa bürüyüb gətiriblər, biz də şəhidlik statusunu istəyirik. Yalandan deyirlər ki, veriləcək, amma ortada heç nə yoxdur", - onlardan biri qeyd edib.
Elnur Yusifov soyadlı əsgərin də anası bildirib ki, oğlu əsgərlikdən evə qayıtmasına üç ay qalmış öldürülüb: "Cəlilabad rayonunun zastavasında hərbi xidmətdə idi, qaçaqmalçılar tərəfindən öldürülüb. Yoldaşım gedib araşdırıb. İndi uşağımızın adını ala bilmirik".
Aksiya iştirakçısının fikrincə, statusun verilməsində ayrıseçkilik var.
Bəzi aksiya iştirakçıları isə uşaqlarının meyitlərinin daxili orqanlar çıxarılmış vəziyyətdə onlara təhvil verildiyini iddia ediblər.
Aksiyaya, hələlik, Azərbaycan Müdafiə Nazirliyi və başqa əlaqədar qurumlardan münasibət almaq mümkün olmayıb. Amma həmin valideynlər bundan əvvəl də bir sıra aksiyalar keçirib, rəsmi qəbullarda olublar. Onlara şikayətlərinin araşdırılacağı bildirilib.