Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər P.E.-nin kəskin miokard infarktından öldüyü bildirilir
Bu barədə ölkənin yerli saytları bu gün, iyulun 3-də Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıblar.
Rəsmi açıqlamaya hələlik əsgərin valideynlərinin münasibətini öyrənmək mümkün olmayıb.
Azərbaycanda bundan əvvəl də ürək qüsuru olan gənclərin hərbi xidmətə çağırılması ilə bağlı şikayətlər səslənib. Amma Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu cür şikayətləri, bir qayda olaraq, əsassız sayır.
2023-cü ilin sonundan etibarən Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yararlılıq dərəcəsinin müəyyənləşdirilməsi qaydası dəyişib. 2024-cü il iyulun 1-dən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Əvvəlki qanunvericilikdə xidmətə yararlılıq məsələsində əsas söz sahibi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdindəki tibb komissiyaları idi, amma o dövrdə də oxşar şikayətlərə rast gəlinirdi.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) məlumatına görə, 2026-cı il iyulun 1-dək Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda ölən hərbi qulluqçuların sayı 26-ya çatıb. İnstitutun hesabatına əsasən, vəfat edənlərin 15-i Müdafiə Nazirliyinin, 7-si Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili Qoşunların, 1-i Prezidentin Təhlükəsizlik Xidmətinin, 1-i Fövqəladə Hallar Nazirliyinin, 1-i isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarıdır.
Onların dinc dövrdə müxtəlif səbəblərdən vəfat etdiyi bildirilir. Amma rəsmi qurumlar bu rəqəmi təsdiqləməyib.