Azərbaycanda əsgər ölümü araşdırılır

2025-ci ilin ilk rübündə Azərbaycanda azı 14 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

Azərbaycanda əsgər Fariz İsayevin ölümü araşdırılır. Bu gün, mayın 26-da Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunur ki, F.İsayevin ölüm faktı əsasında Sumqayıt Hərbi Prokurorluğunda cinayət işi açılıb və istintaq aparılır. Ancaq prokurorluq cinayət işinin hansı maddə ilə açıldığını, ölümün səbəbi və tarixini bildirməyib.

Hələlik, məsələ ilə bağlı əsgərin yaxınları ilə danışmaq mümkün olmayıb. Amma yerli saytların bildirməsinə görə, o, hərbi xidmətə yollanmasından bir ay sonra vəfat edib. Vurğulandığına görə, 20 yaşlı F.İsayev andiçmə mərasimindən sonra N saylı hərbi hissəyə göndərilib, üç gün sonra mayın 10-da vəfat edib.

Bəzi saytlarda isə yüksək qızdırması olan əsgərin vurulan iynədən sonra şoka düşüb vəfat etdiyi iddia olunur. Amma bu iddiaya nə Baş Prokurorluqdan, nə də başqa cavabdeh rəsmi qurumlardan münasibət bildirilib.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) məlumatına görə, 2025-ci ilin ilk rübündə Azərbaycanda azı 14 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Amma bu rəqəmi, hələlik, rəsmi qurumlar ayrılıqda təsdiqləməyiblər.