«Mənin həm bir vətəndaş, həm də vəkil kimi öz fikrimi bildirmək azadlığım var. Mən də bundan istifadə eləmişəm. Fikrimi ifadə etməyim də hüquq çərçivəsində olub, qanunları pozmamışam», – Əsabəli Mustafayev AzadlıqRadiosuna vəkillik fəaliyyətinin bir illik dayandırılması barədə qərara münasibət bildirərkən deyib.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti 23 aprel 2018-ci il tarixli qərarı ilə daha iki vəkilin – Ə.Mustafayev və Nemət Kərimlinin vəkillik fəaliyyətinin bir illik dayandırılması barədə qərar qəbul edib. Bir sıra ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən bu vəkillər Baş prokurorun birinci müavini Rüstəm Usubovun müraciəti əsasında cəzalandırılıb. Elə cəzalandırılmalarının rəsmi səbəbi də tanınmış məhbusların hüquqlarının müdafiəsiylə bağlı fəaliyyətləridir.
Ə.Mustafayev AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlının, N.Kərimli isə jurnalist Əfqan Muxtarlının vəkilidir. R.Usubov vəkilləri mətbuata müsahibə verərkən adları çəkilən şəxslərin işini siyasiləşdirməkdə, sübutların saxta olduğunu deməklə hüquq-mühafizə orqanlarının işinə kölgə salmaqda ittiham edib.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti də R.Usubovu haqlı sayıb.
Amma cəzalandırılan vəkillər bununla razılaşmır və heç bir qanun pozuntusuna yol vermədiklərini söyləyirlər.
«Mən onu yazanda heç vəkili deyildim»
«Haqqımdakı müraciətlə əlaqədar Vəkillər Kollegiyasının İntizam Komissiyasında verdiyim izahatda da yazmışdım ki, şikayəti əsassız sayıram. Mən hələ Gözəl Bayramlının vəkili olmamışdan öncə onun haqqında yazdığım bir statusu tapıb ortaya çıxarıblar. Birincisi, dediyim kimi, onda hələ Gözəl Bayramlının vəkili deyildim. Yəni vəkil kimi münasibət bildirilməyib. İkincisi, mənim həm bir vətəndaş, həm də vəkil kimi fikrimi bildirmək hüququm var. İfadə etdiyim fikirlər də hüquq çərçivəsində olub, qanunları pozmamışam. Məsələn, məni günahlandırırlar ki, niyə G.Bayramlının səhhətindəki problemlərdən danışmışam, ona lazımi tibbi yardım göstərilmədiyini demişəm. Əgər adamın səhhətində problem varsa, bunu dilə gətirməkdə nə qəbahət ola bilər?», – Ə.Mustafayev bildirib.
Müdafiə tərəfi olaraq vəkillə, ittiham tərəfi olaraq prokurorluğun daim bir-biriylə çəkişdiyini deyən Ə.Mustafayevin sözlərinə görə, qarşı tərəfin fəaliyyətindəki pozuntuları dilə gətirmək onları narazı salır. Ə.Mustafayev son illərdə Avropa Məhkəməsində şikayəti təmin olunmuş onlarla ərizəçinin hüquqlarını müdafiə edib. Vəkil hesab edir ki, Avropa Məhkəməsinə şikayətlərin də bu məsələdə rolu var.
«Niyə demisən ki, Əfqan Muxtarlını Gürcüstandan oğurlayıb gətiriblər»
Digər vəkil N.Kərimli də istər Baş prokurorun birinci müavini R.Usubovun onun haqqında yazdıqlarını, istərsə də Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarını əsassız sayır. Müdafiəçi AzadlıqRadiosuna bildirib ki, R.Usubov onu Ə.Muxtarlının həbsini siyasiləşdirməkdə ittiham etsə də, heç bir əsaslı sübut təqdim etməyib: «Mənə irad tuturlar ki, niyə Əfqan Muxtarlının Gürcüstandan oğurlanıb gətirildiyini demişəm. Mən hüquqlarını müdafiə elədiyim şəxsə istinad edərək belə demişəm. Rüstəm Usubov sübut təqdim eləməmişdi. İntizam Komissiyasının özünün yığdığı sübutlar da əsassız idi».
N.Kərimli əlavə edib ki, vəkillik fəaliyyətinin dayandırılması ilə əlaqədar məhkəməyə müraciət edəcək.
Yanvarın 22-də vəkil Fəxrəddin Mehdiyevin də fəaliyyəti R.Usubovun müraciəti əsasında bir illik dayandırılıb. Səbəb isə hüquqlarını müdafiə etdiyi Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin ona ünvanlanmış ittihamlara cavabını mətbuata verməsi olub.
Ondan öncə -2017-ci il noyabrın 20-də vəkil Yalçın İmanovun ümumiyyətlə, vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərar çıxarılıb. O, hüquqlarını müdafiə etdiyi şəxsin işgəncəyə məruz qalması haqda açıqlamasına görə Penitensiar Xidmətin rəhbərliyinin müraciəti əsasında cəzalandırılıb.
Vəkillər Kollegiyasından uzaqlaşdırılanlar arasında adları sadalananlarla yanaşı, Xalid Bağırov, Əlayif Həsənov, Aslan İsmayılov, Namizəd Səfərov, Müzəffər Baxışov və başqaları da var.
Vəkillər Kollegiyasının rəhbərliyi isə siyasi işlərə çıxan vəkillərin cəzalandırılması barədə fikirlərlə razılaşmır. Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırov AzadlıqRadiosuna bildirib ki, cəzalandırılan vəkillər qanun pozuntularına yol veriblər: «Təəssüflər olsun ki, vəkillər bir çox hallarda qanunu pozurlar. Biz buna göz yuma bilmərik».
AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən sərhəddə saxlanıb, pul qaçaqmalçılığında ittiham olunaraq 3 illik həbsə məhkum edilib. Jurnalist Əfqan Muxtarlı isə Gürcüstandan Azərbaycana gətirilib, o da qaçaqmalçılıq, həm də sərhədi qanunsuz keçmək və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə ittiham olunub, 6 illik həbs cəzası kəsilib. Hər ikisi ittihamları qurama adlandırıb.