Ermənistan vətəndaşların ölkədən çıxış qaydalarını yüngülləşdirib

Ermənistan hökuməti mitinqlərin və tətillərin keçirilməsi üzərindən məhdudiyyətlərin qaldırılması barədə fərman verib.

Kütləvi aksiyalara qadağan iki ay əvvəl, Dağlıq Qarabağda döyüşlərin başlanması ilə əlaqədar qoyulmuşdu.

Münaqişə Ermənistanın məğlubiyyəti və Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsi ilə nəticələnib.

Məhz bu səbəbdən son həftələrdə müxalifət və hökumətdən narazı qüvvələr demək olar hər gün etiraz aksiyaları keçirirdi.

Noyabrın 10-da imzalanmış atəşkəs razılaşmasının ardınca keçirilən mitinq və yürüşlərdə baş nazir Nikol Paşinyanın istefası tələb olunur.

Hökumət fərmanı habelə Ermənistandan çıxış-giriş qaydalarını yumşaldır.

Fərman eyni zamanda media qurumlarından və telekanallardan hərbi əməliyyatlarla bağlı yalnız rəsmi məlumatların verilməsini tələb edən qaydanı ləğv edir.

Buna da bax: Ermənistan da ‘hamını hamıya’ dəyişməyi təklif edir

Atəşkəs

Ermənistan hökuməti sentyabrın 27-də Dağlıq Qarabağda döyüş əməliyyatları başlanan kimi hərbi vəziyyət elan etmişdi.

Atəşkəs razılaşmasına uyğun olaraq Dağlıq Qarabağ bölgəsinə Rusiyanın 2000-dək sülhməramlısı yerləşdirilib.

Bundan başqa Dağlıq Qarabağı Ermənistanla birləşdirən 5 kilometr enində Laçın dəhlizinə də sülhməramlılar nəzarət edir.

1994-cü ildə atəşkəs elan olunduqdan sonra Dağlıq Qarabağdakı separatçı qüvvələr əraziyə Ermənistanın dəstəyi ilə nəzarət edirdi.

Moskvanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasında Dağlıq Qarabağın statusu barədə heç nə deyilmir.

Bununla bağlı suala cavab verən Rusiya prezidenti Vladimir Putin deyib ki, “status məsələsi gələcəkdə, prosesin gələcək iştirakçıları tərəfindən həll oluna bilər”.