Ermənistan İrandakı vətəndaşlarını evakuasiya edir

Yerevanın Zvartnots beynəlxalq hava limanı

Ermənistan İranda olan onlarca vətəndaşını bu ölkədən evakuasiya edəcək.

İran Çindən sonra koronavirusun ən çox yayıldığı ikinci ölkədir.

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi Arsen Avagyan fevralın 25-də deyib ki, bu məqsədlə xüsusi təyyarə ayrılıb.

Nazirliyin qonşu ölkələrlə əlaqələrə baxan departamentinin başçısı Avagyan bildirib ki, İranda olan 65 Ermənistan vətəndaşı ölkənin Tehrandakı səfirliyinə müraciət edib.

Onların arasında ikili vətəndaşlığı olanlar da var.

Buna da bax: Daha 29 şəxs Cəlilabadda xəstəxanaya yerləşdirilib

Dünya boyunca 80 min nəfərə yoluxmuş və indiyədək 2700 nəfərin ölümünə bais olmuş koronavirus hələki Ermənistanda qeydə alınmayıb.

İran ölkədə 95 nəfərin bu virusa yoluxduğunu, onlardan 15-nin vəfat etdiyini bildirib.

Fevralın 24-də Ermənistan İranla sərhədini qismən bağlayıb və ehtiyat tədbiri kimi iki ölkə arasında təyyarə uçuşlarını iki həftə müddətinə dayandırıb.

Bununla belə baş nazir Nikol Pashinian israr edib ki, İran və Ermənistan vətəndaşlarının öz ölkələrinə qayıtmasına maneçilik törədilməyəcək.