Azərbaycanda həbsdə olan Ermənistanın iki vətəndaşı - İşxan Sarqsyan və Vladimir Rafaelyanın məhkəməsi martın 5-də başa çatıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə İ.Sarqsyan 19, V. Rafaelyan isə 18 il azadlıqdan məhrum edilib. Onlar Kəlbəcər istiqamətində sərhədi qanunsuz keçib, həmin əraziləri minalamaqla terrorçuluqda suçlu sayılıb.
Hökmdən öncə məhkəmədə son sözlərini deyən İ.Sarqsyan və V. Rafaelyan isə terrorçuluq ittihamını qəbul etməyiblər.
“Kiminsə həyatına qəsd etmək niyyətimiz olmayıb. Saxlanılarkən də, ondan sonra da müqavimət göstərməmişik. İmkanınız varsa, bizi azad edin”, - Sarqsyan belə deyib.
V. Rafaelyan da heç kimi vurmadıqlarını, kiməsə zərər yetirmədiklərini vurğulayıb.
Vəkillər də müdafiə çıxışında deyib ki, təqsirləndirilən şəxslərin əməlində terrorçuluq cinayətinin tərkibi yoxdur.
Lakin hakimlər qısa müşavirədən sonra təqsirləndirilən Ermənistan vətəndaşlarının verilən ittihamlar üzrə təqsirli bilinməsi barədə hökmü elan edib.
İ.Sarqsyan və V. Rafaelyanın işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxsa da, məhkəmə prosesi Bakıda - Sabunçu rayon Məhkəməsinin binasında keçirilirdi.
Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən şəxslər 2021-ci il mayın 26-dan 27-nə keçən gecə Kəlbəcər istiqamətində sərhədi qanunsuz keçərək, Azərbaycan ərazisini minalayıblar.
Bu zaman Azərbaycan hərbçilərinin onları saxladığı, üzərlərində olan tank və piyadalar əleyhinə minaları götürdükləri qeyd edilir.
İ.Sarqsyan və V.Rafaelyan ittihama münasibət bildirərkən özlərini təqsirli bilməyib.
Ermənistanın bir sıra qurumları da mayın 27-də yaydıqları açıqlamada adları çəkilən vətəndaşlarının Azərbaycan ərazisində saxlandığını təkzib ediblər.Rəsmi açıqlamalarda həmin şəxslərin Azərbaycanla sərhəddə, Ermənistan Silahlı Qüvvələrinin mühafizə etdikləri ərazidə mühəndis işləri apararkən girov götürüldüyü bildirilib.