Dekabrın 4-də Azərbaycanla sərhəddə xidmət edən ermənistanlı əsgər həlak olub. Yerevan Azərbaycanın sülh danışıqlarını pozmaq niyyəti ilə atəşkəsi pozduğunu desə də, Bakı bunu rədd edib.
Ermənistanın Müdafiə Nazirliyi hərbi qulluqçu Qerasim Arakelyanın Azərbaycanın Naxçıvan eksklavı ilə sərhəddə yerləşən Bardzruni kəndi yaxınlığındakı erməni hərbi postuna snayper atəşi nəticəsində öldürüldüyünü bildirib.
Azərbaycanın Müdafiə Nazirliyi bunu "provokativ informasiya" adlandırıb, qüvvələrinin atəşkəsi pozmadığını deyib.
Sərhəddə atışma səsləri
Bardzruni administrasiyasının başçısı Arsen Aleksanyan AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, yerli sakinlər sərhəddə atışma səsi eşidiblər. İndiyədək Azərbaycan-Ermənistan sərhədinin bu hissəsində atəşkəsin ciddi pozuntusuna nadir hallarda rast gəlinirdi.
Ermənistan XİN bəyanat yayaraq Azərbaycan tərəfinin "yeni eskalasiyanı təhrik etmək, sülh prosesini yubadaraq çıxmaza salmaq niyyəti güdən" hərəkətlərini pisləyib.
XİN Bakının Yerevanla danışıqlar üçün müxtəlif beynəlxalq oyunçuların təkliflərini davamlı rədd etdiyini deyib.
Buna da bax: Sərhəd görüşündə reqlament razılaşdırılıbBakı Yerevanı ittiham edir
Rəsmi Bakı isə Yerevanın özünü sülh danışıqlarını yubatmaqda ittiham edir. Azərbaycan XİN dekabrın 4-də axşam yaydığı şərhdə bildirib ki, "Ermənistan tərəfinin bu yalan açıqlaması silahlı qüvvələrində baş verən özbaşınalığı və hərc-mərcliyi ört-basdır etmək niyyəti daşıyır".
XİN Yerevanı sülh sazişi üzrə təklifləri 70 gündən artıq müddətdə yubatmaqda, indi isə "bu cür pozucu açıqlamaları" ilə normallaşma prosesinin perspektivlərinə xələl gətirməkdə suçlayıb.
Oktyabrda Azərbaycanla Ermənistan arasında Aİ-nin vasitəçiliyi ilə iki görüş baş tutmayıb. Tərəflər görüşün alınmamasına görə bir-birini ittiham ediblər. Daha sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 20-də Vaşinqtonda ermənistanlı həmkarı Ararat Mirzoyan ilə görüşə getməkdən imtina edib. Bakı Qərb dövlətlərini qərəzli davranmaqda ittiham edib, Yerevanla birbaşa danışıqlar təklif edib.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.