Yanvarın 12-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağrılıb. Ona rusiyalı aparıcı və şərhçi Vladimir Solovyovun bəyanatları ilə bağlı "dərin" narazılığı bildirən etiraz notası təqdim edilib. Bu haqda AzadlıqRadiosunun erməni xidməti – "Azatutyun" Ermənistan XİN-in mətbuat katibi Ani Badalyana istinadla xəbər yayıb.
Badalyanın sözlərinə görə, "notada vurğulanıb ki, bu bəyanatlar Ermənistan Respublikasının suverenliyinə yolverilməz müdaxilə, düşməncəsinə ifadədir, Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin əsas prinsiplərini kobud şəkildə pozur".
Kremlin tanınmış təbliğatçılarından olan V.Solovyov özünün müəllif proqramında deyib ki, "Ermənistanı itirmək Rusiyanın maraqlarına uyğun deyil və Rusiya beynəlxalq hüququ nəzərə almadan təkcə Ukraynada deyil, həm də Rusiyanın təsir dairəsinə daxil olan ərazilərdə xüsusi hərbi əməliyyatlar aparmalıdır".
Moskva Ukraynada dörd ilə yaxındır apardığı təcavüzkar müharibəyə "xüsusi hərbi əməliyyat" deyir.
2024-cü ilin martında Ermənistan Solovyovun "RTR Planeta" kanalında yayımlanan müəllif proqramlarının translyasiyasını bloklayıb. Buna Solovyovun müəllif proqramında bir neçə dəfə Ermənistanın və onun rəhbərliyinin adını çəkərək təhqiramiz ifadələrdən istifadəsi səbəb olmuşdu.