Paşinyan: Yaxın illərdə Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarıla bilər

Sizin brauzer HTML5-i dəstəkləmir

Paşinyan sərhədləri Rusiya ordusundan geri alır (Arxiv videosu)

Ermənistanın baş naziri Nikol Paşinyan yaxın illərdə Rusiya sərhədçilərinin ölkə ərazisindən tamamilə çıxarılmasını mümkün saydığını bildirib. News.am xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasından sonra keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"Bu illər ərzində sərhədlərimizdə xidmət göstərdiklərinə görə Rusiya sərhədçilərinə minnətdarıq. Lakin düşünürəm ki, yaxın illərdə dövlət sərhədlərimizin mühafizəsi məsuliyyətini tamamilə öz üzərimizə götürməliyik", – o vurğulayıb.

Rusiya sərhədçiləri Ermənistanda 1992-ci ildə Yerevanla Moskva arasında imzalanmış müqavilə əsasında xidmət aparırlar. Sənəddə göstərilir ki, Ermənistan sərhədini qoruyan Rusiya hərbçiləri keçmiş SSRİ-nin Türkiyə və İranla imzaladığı və hələ də qüvvədə olan müqavilələrə əsaslanırlar.

Rusiya sərhədçiləri 2024-cü il avqustun 1-də Yerevanın "Zvartnots" hava limanını tərk ediblər. "İnterfaks"ın məlumatına görə, onlar 2025-ci ilin yanvarında Ermənistanın İranla sərhədindəki "Aqarak", fevralında isə Türkiyə ilə sərhəddəki buraxılış məntəqəsində xidmətlərini başa vurublar.

Paşinyan bundan əvvəl Rusiyanın Ermənistanda hərbi mövcudluğunun zəruriliyini də şübhə altına alıb. O, sentyabrda Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının ölkənin təhlükəsizliyi üçün həyati əhəmiyyət daşımadığını bəyan edib.