Qətlə görə həbsdən nazirlik postuna

Tiqran Xaçatryan maskalıların müşayiəti ilə məhkəməyə gətirilir

Ermənistanın Azərbaycanla həmsərhəd Sünik vilayəti qubernatorunun oğlu adam öldürdükdən sonra nazirlikdə vəzifəyə təyin edilib.

AzadlıqRadiosu Erməni xidmətinin müxbiri Narine Qaleçiyan ölkənin vəzifəli şəxslərindən birinin ərköyün övladının törətdiyi ağır cinayətə görə salındığı həbsxanadan buraxıldıqdan dərhal sonra yüksək nazirlik postuna təyin edilməsindən yazır.

Daşnaksutyun partiyasının nüfuzlu üzvü Martun Matevosyan cümə axşamı 21 yaşlı Tiqran Xaçatryanı öz köməkçisi vəzifəsinə təyin etdiyini təsdiqləyib

Hayantar agentliyinin başçısı və Erməni İnqilabi Federasiyası – Daşnaksutyun partiyasının nüfuzlu üzvü Martun Matevosyan cümə axşamı 21 yaşlı Tiqran Xaçatryanı öz köməkçisi vəzifəsinə təyin etdiyini təsdiqləyib.

“O çox tərbiyəli və nəzakətli gəncdir və öz işini vicdanla görür” – deyib Meşəçilik Nazirliyinin vəzifəlisi Matevosyan AzadlıqRadiosunun Erməni xidmətinə.

Ölkənin cənubundakı Sünik əyalətinin qubernatoru Suren Xaçatryanın oğlu Tiqran ötən iyul ayında doğma Gorus şəhərində öz dəstəsi ilə iki nəfərin üzərinə zorakı basqın etdiyinə görə həbs olunmuşdu.

Onun hücumuna məruz qalanlardan biri kor olub, digərinin isə burnu sınıb.

Zərrərçəkənlər deyirlər ki, amansız hücuma Tiqranın özü başçılıq edib.

Polis bu hadisə ilə əlaqədar bir neçə nəfəri həbs etsə də, onların hamısı oktyabr ayında azad ediliblər.

Özünümüdafiə qətli

Bundan əvvəl 2013-cü ildə Tiqran Xaçatryan atasının Gorusdakı villasının qarşısında bir nəfəri güllə ilə vurub öldürdüyünə görə məhkəməyə qədər üç ay həbsxanada saxlanmışdı.

Lakin tezliklə bu cinayət işinə xitam verilmiş və Tiqran azadlığa buraxılmışdı.

Hüquq-mühafizə orqanları belə nəticəyə gəlmişdi ki, Xaçatryan və atasının cangüdənlərindən biri qarşılarındakı şəxsi özünümüdafiə üçün güllələyiblər.

Liska ləqəbi ilə tanınan Suren Xaçatryan 2013-cü ildə baş vermis bu hadisəyə görə vəzifəsindən çıxarılmışdı, lakin bircə ildən somra onu yenidən qubernator təyin etmişdilər.

Ermənistan müxalifətinin “hökumətə loyal quldurların” cəzasızlığına etiraz etməsinə heç kəs məhəl qoymamışdı.

Azatutyun yazır ki, Ermənsitan insan haqları fəalları belə cəzasızlığın qarşısında gücsüzdürlər.